• Bakı 26° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Münaqişədən müharibəyə: İsrailin hücumu regionu hara aparır?

SİYASƏT

13 Iyun 2025 | 17:04

Münaqişədən müharibəyə: İsrailin hücumu regionu hara aparır?

Xəbər verdiyimiz iyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib.

Bakıvaxtı.az-ın məlumatına görə, nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və bir neçə nüvə alimi həlak olub.

İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib. İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyatın bir neçə gün davam edə biləcəyini bildirib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailin gecə vaxtı İrana hücumu ilə bütün qırmızı xətləri keçdiyini açıqlayıb. Eyni zamanda İsrailin zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

İran-İsrail müharibəsinin başladığını demək olarmı, yoxsa İsrailin hücumları sadəcə bir xəbərdarlıqdır?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İran və İsrailin hazırkı toqquşması müharibənin şəraitinin olduğundan xəbər verir. Baxmayaraq ki, İran bu məsələlərdə ciddi şəkildə gecikir və İsrail əvvəllər tətbiq etdiyi taktikadan yenidən istifadə edərək böyük üstünlük qazanıb:

"İsrailin hücumları müharibənin başlanğıcıdır. İran və İsrail arasında gərginlik uzun müddətdir yaranmışdı. İranın Yaxın Şərqdə yaratdığı müqavimət hərəkatına Suriya, Livan, İraq və bəzi proksi qüvvələr daxil idi. Demək olar ki, son 1.5 il ərzində İsrail bütün xətti ciddi şəkildə sarsıtdı. Livanda Şeyx Həsən Nəsrullahın ölümü, Bəşər Əsəd rejiminin devrilməsi və bir çox qrupların neytrallaşdırılması İranın imkanları xeyli zəiflətdi. Düzdür, İran HƏMAS-a kömək edirdi, bəlkə indi də kömək edir. Ancaq hər halda HƏMAS-a qarşı aparılan müharibə bu təşkilatın ciddi şəkildə zəifləməsinə səbəb olub. Nəticədə bu məsələdə İranın proksi imkanları məhdudlaşdı. Hazırkı gərginlikdə İsrailin texnoloji imkanları özünü büruzə verir. Çünki İsrail ölkə daxilində kifayət qədər ciddi iş aparıb. Ona görə də İranın nüvə alimlərinin sıradan çıxarılmasının şahidi oluruq".

T.Abbasov qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı atdığı addımlar kimi, İsrail də İrana qarşı eyni cür addım atır. İsrail İranın daxilində xüsusi bazalar yaradıb. Hətta elektron vasitələrin kəşfiyyatını da İranın daxilinə yerləşdirməklə, Tehranın ən zəif nöqtəsini tutub. İranın əks kəşfiyyat orqanları gərək bu məsələlərdə məlumatlı olardılar və qabaqlayıcı tədbirlər görərdilər. Çünki düşməni yaxından tanımaq lazımdır.

Tofiq Abbasov: İsrail elektron vasitələrin kəşfiyyatını İranın daxilinə yerləşdirməklə, Tehranın ən zəif nöqtəsini tutub

"İran çox şüarçılığa varırdı. Lakin gördük ki, İranın əks-hücum imkanları ciddi və güclü deyil. Birincisi, İranın xeyli sayda obyektləri dağıdılıb. Digər tərəfdən, İranda mənəvi-psixoloji cəhətdən ruh düşkünlüyü yaşanır. Belə bir halda qeyri-adi addımlara çox böyük ehtiyac var. Fikrimcə, İran bu prosesdə artıq çox dərinə getməməlidir. Ona görə ki, əsas obyektləri sıradan çıxarılıb. Həmçinin İsrail xəbərdarlıq edib ki, İran dayanmasa, neft sənayesinə məxsus infrastrukturunu dağıdacaq. Hər halda İranın əlində kartları var. İran böyük dövlətdir, böyük strateji potensialı və resurs bazası var. İran indiki şəraitdə bu imkanlarından istifadə edə bilər. Ancaq əsas sual budur ki, bunu bacaracaqmı?!" - deyə politoloq əlavə edib.

Müsahibimizə görə, İsrailə dəstək verən Böyük Britaniya, Fransa və ABŞ müəyyən mənada İranın ayıq-sayıqlığını söndürə bildilər. Ona görə də İsrail tək başına hücuma keçdi. Bütün hallarda müharibənin tezliklə dayanması yaxşı olar. Çünki obyektlər dağıdılır, insanlar və azyaşlı uşaqlar öldürülür. Bu isə yolverilməzdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Iyun 2025