• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Muxtar Babayev: Xəzərin dayazlaşmasına qarşı mübarizədə regional əməkdaşlığın tərəfdarıyıq

CƏMİYYƏT

04 Iyun 2025 | 13:13

Muxtar Babayev: Xəzərin dayazlaşmasına qarşı mübarizədə regional əməkdaşlığın tərəfdarıyıq

Azərbaycan Xəzərdəki iqlim böhranı ilə mübarizə aparmaq üçün regional əməkdaşlığa, xüsusilə Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətə çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “The Times of Central Asia” nəşrinə müsahibəsində bildirib.

M.Babayev qeyd edib ki, Azərbaycanda süni intellekt dövlət proqramlarına inteqrasiya edilib və bu, iqlim elmi sahəsində regional əməkdaşlığa töhfə verir. Onun sözlərinə görə, ümumi elmi potensialın yaradılması iqlim dəyişiklikləri ilə mübarizədə vahid gündəliyin formalaşdırılması istiqamətində ilk addımdır.

O, həmçinin vurğulayıb ki, regional fəaliyyətlər qlobal nəticələrə malikdir və Xəzər təcrübəsi beynəlxalq iqlim siyasətinə təsir göstərə bilər.

COP29 prezidentinin sözlərinə görə, ümumi ekosistemə malik olan və Xəzər dənizi ilə sərhəd olan Mərkəzi Asiya və Cənubi Qafqaz iqlim sahəsində ciddi təzyiqlə üzləşir. Ən kəskin problem son illərdə iqlim dəyişikliyi səbəbindən daha da kəskinləşən su ehtiyatlarının çatışmazlığıdır. Bu, bütün region boyunca səhralaşmaya və Xəzər, Aral dənizlərində və İrandakı Urmiya gölündə suyun səviyyəsinin azalmasına səbəb olub.

"Xəzər dənizinin quruması əsas problemlərdən biridir. Azərbaycan bu böhranın həlli üçün Xəzəryanı dövlətlərin sammitinin keçirilməsini təklif edib. Hazırda Xəzərin səviyyəsi XIX əsrin əvvəlindən bəri rekord səviyyəyə düşüb və ekspertlərin fikrincə, növbəti 15-20 il ərzində azalmağa davam edəcək", - o bildirib.

M.Babayev qeyd edib ki, Xəzər böhranı xüsusilə Qazaxıstanın Atırau və Aktau bölgələrində kənd təsərrüfatına, infrastruktura, dəniz enerji əməliyyatlarına və limanlara kəskin təsir göstərir. "Vəziyyəti tez bir zamanda dəyişmək mümkün olmasa da, əlaqələndirilmiş fəaliyyətlərə, xüsusilə biomüxtəlifliyin qorunması və Kür, Ural, Terek, Samur və Volqa kimi əsas çaylardan su axınının artırılması istiqamətində tədbirlərə ehtiyac var", - o qeyd edib.


SON XƏBƏRLƏR

05 Iyun 2025