“Siyasi məntiqlə İran üçün yeni cəbhələrin açılması onun xeyrinə deyil. Amma problem onunla bağlıdır ki, İranda hakimiyyətdaxili mübarizə başlayıb”
Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktlarını Bakıvaxtı.az-aşərh edərkən deyib.
Onun sözlərinə görə, mübarizənin əsas hədəfi kiminsə hakimiyyətini qoruyub, saxlaması, kimin isə hakimiyyəti əldə etməsi ilə bağlıdır:
“Bir məsələni də qeyd edim ki, ötən ay İranda etiraz aksiyaları baş vermişdi. Bu aksiyalar qəribə bir elementlə yadda qaldı. Yəni etiraz edənlər vardı, amma liderlər yox idi. Bu, onu göstərir ki, etiraz dalğalarının arxasında bunu təşkil edən siyasi qruplar vardı. İranın idarəçilik strukturuna nəzər yetirsək, şahidi olacağıq ki, orada iki paralel qrup var: teokratlar və ali liderə tabe olan SEPAH. Bu iki strukturun da öz ordusu və təhlükəsizlik sistemi mövcuddur. Təbii ki, bunların arasında həmişə rəqabət olub. İndiki mərhələdə bu qarşıdurma daha da kəskin forma alıb. İndiki məqamda baş verən hadisə nə Azərbaycanın, nə də dövlət olaraq İranın xeyrinədir”.
Müsahibimiz diqqətə çatdırıb ki, İranda ciddi şəkildə hakimiyyət böhranı yaşanır:
“Yerlərdəki hərbi və siyasi şəxslərin bu və ya digər təxribatlara əl atması mümkündür. Hesab edirəm ki, Naxçıvanda baş verən hadisə İrandakı daxili gərginlik və qarşıdurmanın bağlantısı ola bilər. Sirr deyil ki, bəzi mərkəzlər xarici dairələrin təsiri altındadırlar və sifariş yerinə yetirə bilərlər. Biz görürük ki, buna dair məlumatlar da mövcuddur”.

Tofiq Zülfüqarov: Naxçıvana atılan dronları hansı ölkənin istehsal etdiyi də müəyyən edilməlidir
T.Zülfüqarov hesab edir ki, Azərbaycan Naxçıvanın İran tərəfindən vurulmasına lazımi şəkildə reaksiya verib:
“Gələcəkdə bizim bu hadisəyə münasibətimiz İran hakimiyyətinin məsələyə hansı formada yanaşmasından asılı olacaq. Yəni ciddi araşdırma baş verəcəksə, məsul şəxslər ifşa və həbs olunacaqlarsa, münasibətlər sistemindəki gərginlik aradan qalxa bilər. Onu da vurğulamaq yerinə düşər ki, texniki baxımdan PUA-ların yanlış atılması da mümkün ola bilər. Biz bunu istisna etməməliyik. Naxçıvana atılan dronları hansı ölkənin istehsal etdiyi də müəyyən edilməlidir”.
Müsahibimizin qənaətincə, indiki halda İran və Azərbaycan arasında gərginlik yaratmaq istəyən qüvvələr çoxdur:
“Bu vəziyyətdə təmkinliyik, amma öz iradəmizi açıq şəkildə nümayiş etdirib, addımlar atmalıyıq. Artıq bu addımların ilkin nəticəsini görə bilərik. İranın rəsmi dairələri birmənalı şəkildə deyirlər ki, Naxçıvanın vurulması onların qərarı deyil. Bu da çox vacib açıqlamadır. Yəni hərbi komandanlıq heç kəsə Azərbaycana dronlar göndərib, partlayışlar törədilməsi əmrini verməyib. Hesab edirəm ki, bu, ilkin müsbət haldır. Rəsmi Bakı bunun davamını tələb edəcək”.
Aydın Baxış
Bakı 




