• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar - FOTOLAR

CƏMİYYƏT

20 Mart 2023 | 15:29

Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar - FOTOLAR

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlərin döyüş təyinatlı birləşmə və hissələrə yola salınmaları münasibətilə mərasim keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.

Çıxış edən zabit, əsgər və valideynlər Vətənə xidmət etmək hər bir gəncin müqəddəs borcu olduğunu bildirib, keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin Novruz bayramı və buraxılış mərasimi münasibətilə təbrikini şəxsi heyətə çatdırıb, gənc əsgər hazırlığı kursunun əhəmiyyətindən və hərbi hissədə xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitdən danışıb.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda gənc əsgər hazırlığına xüsusi diqqət yetirilir. Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən məşğələlərdə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir. Həmçinin hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda gələcəyin nümunəvi vətəndaşları kimi formalaşır, dözümlülük, möhkəmlik, müxtəlif şəraitlərə uyğunlaşmaq kimi üstün keyfiyyətlər qazanırlar. İnanırıq ki, ixtisas hazırlığı kurslarını başa vuran əsgərlərimiz məşğələlərdə qazandıqları bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətbiq edərək komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.

Mərasimdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahlı və silahsız çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğuların döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini, kəşfiyyat hazırlığından müxtəlif elementləri praktiki yerinə yetiriblər.

Bölmələrin tribuna önündən təntənəli keçid ilə mərasim başa çatıb.


SON XƏBƏRLƏR