• Bakı 28° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Naxçıvanda yeni era: Böyük layihələr, böyük hədəflər

SİYASƏT

12 Avqust 2026 | 16:24

Naxçıvanda yeni era: Böyük layihələr, böyük hədəflər

“Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, son illərdə bu tendensiya daha da güclənib:

“Belə ki, Naxçıvanın inkişafı, eləcə də bütövlükdə Azərbaycanın tərəqqisi üçün uğurlu layihələr həyata keçirilib. Prezidentin səfəri Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsi, yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşdırılması və Şərq-Qərb əlaqələrinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Artıq bu yöndə atılan addımlar avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı tamamilə aydın oldu. Naxçıvanda həyata keçiriləcək layihələr, görüləcək işlər və yeni müəssisələrin açılışı uzun illər blokadada olmuş muxtar respublikanın regionun mühüm geosiyasi məkanlarından birinə çevrilməsi potensialını daha da artırır”.

Müsahibimiz bildirib ki, Naxçıvanda istehsal və xidmət sahələrinin, sahibkarlıq müəssisələrinin inkişafı, iqtisadi artımın yeni miqyasının formalaşdırılması, enerji və su təhlükəsizliyi üzrə genişmiqyaslı proqramların həyata keçirilməsi, aqrar sahənin inkişafı, yeni sosial infrastrukturun yaradılması, şəhid ailələrinə yüksək diqqət və qayğının göstərilməsi, eləcə də yolların və şəhər nəqliyyatının yenilənməsi istiqamətində mühüm işlər görülür. Dediyinə görə, Naxçıvanda elektrik avtobusları və dəmir yolu infrastrukturu da yenilənir, təmir və bərpa işləri aparılır. Sənaye Parkının təməlinin qoyulması yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək. Yenidən qurulan və yaradılan müəssisələrlə yanaşı, elektrik və günəş elektrik stansiyalarının istifadəyə verilməsi də Naxçıvanın inkişafına əlavə təkan verəcək.

“Artıq Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşaqlarından birinə çevrilir” düyən Səftərov vurğulayıb ki, Naxçıvanın strateji mövqeyini daha da əhəmiyyətli edən əsas amillərdən biri Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat imkanlarıdır. Onun sözlərinə görə, bu çərçivədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək dəmir yolu bağlantısının bərpası, həmçinin Türkiyə ərazisində Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin bərpası mühüm əhəmiyyət daşıyır. Bu layihələr Naxçıvanın regional və beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirərək onun tranzit, logistika və ticarət imkanlarını genişləndirəcək.

Həmsöhbətimiz bildirib ki, Naxçıvana artan diqqət və həyata keçirilən genişmiqyaslı layihələr onun Azərbaycanın ərazisindən keçən nəqliyyat və tranzit yollarının mühüm qovşaqlarından birinə çevrilməsinə şərait yaradır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın bu sistemdə əsas mərkəzlərdən biri kimi rolunu daha da gücləndirəcək:

“Naxçıvanın Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən marşrutların kəsişməsində yerləşməsi, həmçinin Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi onun tranzit potensialını artırır. Gələcəkdə Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə və Avropaya uzanan yükdaşıma və enerji marşrutlarının Naxçıvan ərazisindən keçməsi muxtar respublikanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcək”.

Siyasi şərhçi deyib ki, dövlətimizin başçısının Naxçıvana səfəri çərçivəsində 518 mənzilli sosial ev kompleksinin təməlinin qoyulması da mühüm addımlardan biridir. Bu layihə Naxçıvanda əhalinin mənzil təminatının yaxşılaşdırılmasına, müasir yaşayış şəraitinin yaradılmasına və sosial infrastrukturun daha da inkişaf etdirilməsinə xidmət edəcək.

Dediyinə görə, bundan əlavə, Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması əhaliyə göstərilən sosial xidmətlərin daha əlçatan və operativ təşkilinə imkan verəcək. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək mərkəz vətəndaşların müxtəlif xidmətlərdən daha rahat yararlanmasına, vaxt itkisinin azalmasına şərait yaradacaq.

E.Səftərova görə, səfər çərçivəsində mədəni abidələrin açılışı və Əcəmi Naxçıvaninin, Möminə Xatun türbəsinin bərpası ilə bağlı işlər Azərbaycanın tarixi-mədəni irsinə verdiyi dəyərin real nümunəsidir.

“Diqqət çəkən əsas məqamlardan biri də Naxçıvan şəhərinin 2044-cü ilədək Baş planının Prezidentə təqdim olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, burada da uzunmüddətli inkişaf konsepsiyası əsasında layihələr həyata keçirilir” deyən həmsöhbətimiz bildirib ki, Baş planda şəhər mərkəzinin yenilənməsi, yaşıllıq sahələrinin artırılması, nəqliyyat və sosial infrastrukturun inkişaf etdirilməsi, turizmin genişləndirilməsi kimi mühüm hədəflər müəyyənləşdirilib. Bu istiqamətdə görüləcək işlər şəhər həyatının daha da rahatlaşdırılmasına və infrastruktur imkanlarının genişləndirilməsinə təkan verəcək:

“Eyni zamanda, Naxçıvan şəhərində “Naxçıvan” mehmanxana kompleksinin təməlinin qoyulması turizm baxımından şəhərin cəlbediciliyini artıracaq. Ümumilikdə Prezidentin səfəri zamanı Naxçıvanın inkişafına kompleks yanaşmanın şahidi olduq”.

Elmir Səftərov: Ümumilikdə görürük ki, Naxçıvanda hərtərəfli inkişaf strategiyası tətbiq olunur

Siyasi şərhçi deyib ki, prezident müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə sistemlərinin üstünlüklərindən danışarkən, eyni idarəetmə sisteminin Naxçıvanda da tətbiq ediləcəyini qeyd etdi. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi gələcək üçün mühüm perspektivlər açır:

“Bu yanaşma gələcəkdə Zəngəzur dəhlizindən keçəcək yüklərin həcminin artmasına və Naxçıvanın tranzit imkanlarının genişlənməsinə də şərait yaradacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığın artması və Naxçıvanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaranacaq”.

Müsahibimiz vuğulayıb ki, ümumilikdə görürük ki, Naxçıvanda hərtərəfli inkişaf strategiyası tətbiq olunur. Prezident İlham Əliyev muxtar respublikanın inkişafı üçün zəruri olan demək olar ki, bütün istiqamətləri diqqətdə saxlayır. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı potensialının gücləndirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

“Bu baxımdan qeyd edə bilərik ki, Naxçıvan artıq yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Naxçıvanın hərtərəfli inkişafına, Azərbaycanın regional mövqeyinin daha da güclənməsinə və ölkəmizin ümumi tərəqqisinə mühüm təkan verəcək”, - deyə Elmir Səftərov qeyd edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026