Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
AYNA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan şəhəri üzrə aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 9 marşrut xətti üzrə istismara 72 müasir avtobus cəlb edilib. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üzrə 241 fiziki şəxsə “Buraxılış kartı” verilib. Yükdaşıma fəaliyyəti üzrə ümumilikdə “Buraxılış vəsiqəsi” alan daşıyıcıların sayı 263, “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 946-dır.
Nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərin peşə hazırlığının və biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə təlimlər təşkil edilir. Belə ki, beynəlxalq yük daşımalarını həyata keçirən 75 sürücü təlimlərə cəlb olunub. Həmçinin “Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı xüsusi proqram” üzrə 176 sürücü təlim keçib.
Yol infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində və Muxtar Respublikanın digər ərazilərində yol nişanlarının quraşdırılması və xətlərin çəkilməsi işləri həyata keçirilib. Bu günədək Naxçıvan ərazisində ümumilikdə 1091 nişan quraşdırılıb, 385 kilometr yolda nişanlanma işləri görülüb, 2259 piyada keçidi təşkil edilib və ya yenilənib.
Naxçıvanda həyata keçirilən bu dəyişikliklər ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.
Bakı 


