Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 14-də Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
Bakı 











