“Xan Şuşinskinin adı Azərbaycanın musiqi mədəniyyətinin, muğam sənətinin qızıl hərflərlə yazılmış ən böyük dahi sənətkarlarından biridir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bunu Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin vəfatının ildönümü ilə əlaqədar danışarkən bildirib.
O, Azərbaycan muğam sənətinin böyük ustadı Xan Şuşinskinin yaradıcılığından danışıb.
Nazir müavini qeyd edib ki, Xan Şuşinskinin bənzərsiz səs diapazonu ona həm zildə, həm də bəmdə oxumağa imkan verib. Onun muğamların, xalq mahnılarının və təsniflərin dərin bilicisi olduğunu vurğulayan S.Yusifova sənətkarın bu əsərləri özünəməxsus səslə ifa etməklə yanaşı, onların təbliğinə də böyük töhfə verdiyini deyib:
“Xan Şuşinskinin yaradıcılığında Üzeyir Hacıbəylinin xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Xan Şuşinski peşəkar musiqinin imkanlarını xalqın yaratdığı muğam sənəti ilə birləşdirməyə nail olub və Üzeyir Hacıbəylinin yaratdığı peşəkar musiqinin təbliğində də mühüm xidmətlər göstərib”.
Nazir müavini sənətkarın adının Qarabağ və Şuşa ilə ayrılmaz şəkildə bağlı olduğunu qeyd edib. O bildirib ki, Xan Şuşinskinin yaratdığı məktəb, yetişdirdiyi şagirdlər və zəngin yaradıcılıq irsi bu gün də yaşayır və gələcək nəsillərə ötürülür.
“Biz hər dəfə Qarabağa gedəndə həmişə onun musiqisi, səsi qulağımızda səslənir. Onun yaratdığı məktəb var, onun böyütdüyü şagirdlər var, onun irsi həmin məktəbdə yaşayır və davam edir”, - deyə S.Yusifova əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



