İrandakı müharibə nəticəsində sürətlə artan neft qiymətlərini nəzarətdə saxlamaq üçün bazara milyonlarla barel neft buraxan ABŞ-nin strateji neft ehtiyatları son 43 ilin ən aşağı səviyyəsinə düşüb.
Bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında deyilir. Qeyd edilib ki, ölkənin strateji neft ehtiyatları təxminən 340,3 milyon barelə düşüb. Nəticədə, ABŞ-nin ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə enib.
Mart ayında Beynəlxalq Enerji Agentliyinin (IEA) üzv dövlətləri İrandakı müharibə səbəbindən neft qiymətlərinin sürətlə artmasından sonra tarixlərində ən böyük miqdarda strateji neft ehtiyatlarını azad etmək barədə razılığa gəliblər. Xatırladaq ki, ABŞ Energetika Nazirliyi də ölkənin ehtiyatından 172 milyon barel neftin çıxarılacağını açıqlamışdı. Bu neftin çıxarılmasının təxminən 120 gün çəkəcəyi bildirilmişdi.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ABŞ-nin neft ehtiyatlarının azalması təbii prosesdir. Onun sözlərinə görə, dünya neft bazarında qiymət çox yüksəlməsin deyə ABŞ öz enerji ehtiyatlarını satışa çıxarmışdı:
“İndi neftin qiymətləri də düşür. Artıq ABŞ və İran arasında razılaşma da demək olar ki, əldə olunub. İyunun 19-da tərəflər arasındakı sazişin imzalanma mərasimi keçiriləcək. Yəni neftin qiyməti düşdükcə, ABŞ öz ehtiyatlarının artırılması üçün əlavə neft alacaq. Məntiqlə götürsək, bu, doğru qərar idi”.

Natiq Cəfərli: ABŞ daha ucuz qiymətə neft alaraq öz ehtiyatlarını bərpa edəcək
Müsahibimiz qeyd edib ki, ABŞ dünyada neftin qiyməti 124-125 dollara qədər bahalaşanda öz neftini satdı, dünya bazarında qiyməti saldılar:
“İndi neftin qiyməti dünya bazarında 78 dollardır. ABŞ daha ucuz qiymətə neft alaraq öz ehtiyatlarını bərpa edəcək. Bununla da ABŞ-nin atdığı addımların strateji olaraq doğru olduğu üzə çıxır”.
Aydın Baxış
Bakı 



