ABŞ və İran arasında hücumların intensivləşməsi fonunda dünya bazarında neftin qiyməti artmaqda davam edir. Bu vəziyyət İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı narahatlıqları daha da gücləndirib. Belə ki, Brent markalı neftin qiyməti 3,60% artaraq bir barel üçün 78,70 ABŞ dollarına, WTI markalı Amerika nefti isə 3,50% bahalaşaraq 73,92 ABŞ dollarına yüksəlib.
Neftin bahalaşması hansı səviyyəyə qədər davam edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid KərimliBakıvaxtı.az-a açıqlamasında bildirib ki, müharibə fevral, mart və aprel aylarındakı kimi genişmiqyaslı müharibəyə çevrilsə, və davamlı müharibə vəziyyətinə gələrsə, Hörmüz boğazı bağlanacaq.

Xalid Kərimli, iqtisadçı-ekspert
Onun sözlərinə görə, Hörmüz boğazı bağlanmış olsa, qiymətlər yenə də kəskin şəkildə arta bilər:
"Belə ki, neftin qiyməti 100 dollar civarında qalxa bilər. Hazırda tərəflər bir-birinə zərbə vursa da, neft qiyməti elə də artmır. Çünki gözlənti odur ki, əvvəlki kimi genişmiqyaslı müharibə olmayacaq. Yəni, müharibənin genişlənəcəyinə əminlik olmadığına görə bazarlarda qiymətlər kəskin artmır. Amma müharibə dediyimiz ssenari üzrə getsə, qiymətlərin artması qaçılmaz olacaq".
İqtisadçı Natiq Cəfərli də öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, əslində müharibənin qızışan dövrlərində 126-130 dollar civarında olan neft qiymətlərinə baxanda indi qiymətlər yüksək deyil:
"Bu qədər gərginliyin fonunda neftin qiyməti hələ 80 dollara çatmırsa, deməli, ya bazar oyunçuları bu münaqişənin uzun zaman davam edəcəyinə inanmır və ya artıq immunitet yaranıb. Yəni, Hörmüzdən kənar yollarla neft daşınmasının həcmi artıb və nəticə etibarilə hələ də əvvəlki həftələrdə olan kəskin artımı görmürük".

Natiq Cəfərli, iqtisadçı-ekspert
Həmsöhbətimiz qeyd edib ki, gərginlik davam edir:
"Əgər gərginlik daha da artarsa, yenidən neft qiymətlərinin 90 dollara qədər yüksəlməsini görə bilərik. Hesab edirəm ki, bazarın davranışları, alternativ yolların tapılması kifayət qədər ciddi şəkildə bu məsələnin yumşalmasına, yəni qiymətlərin kəskin dalğalanmasının qarşısını almağına yardımçı olub".
Gülşən Şərif
Bakı 



