“Masazırda normal səki yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.
Ərşad Hüseynov bildirib ki, piyada təhlükəsizliyi sahəsində ən ciddi problemlərdən biri yaşayış məntəqələrində səkilərin çatışmazlığıdır.
Onun sözlərinə görə, təxminən 70 min əhalisi olan Masazır qəsəbəsində belə normal səki infrastrukturu demək olar ki, mövcud deyil, olanlar isə yalnız səkiyə bənzər vəziyyətdədir. Ekspert paytaxtın digər ərazilərində də oxşar problemlərin geniş yayıldığını diqqətə çatdırıb.
Ərşad Hüseynov vurğulayıb ki, piyada təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə yeni səkilərin inşası və mövcud səkilərin standartlara uyğunlaşdırılması əsas hədəf olmalıdır.
Nəqliyyat eksperti əlavə edib ki, illərdir yol hərəkəti hadisələri və təhlükəsizliklə bağlı müxtəlif qanunlar qəbul olunsa da, səki probleminin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Onun fikrincə, problemin hansı qurumun səlahiyyətinə aid olması ilə bağlı məsuliyyətin bir qurumdan digərinə ötürülməsi vəziyyəti daha da çətinləşdirir.
“Bu, ən böyük problemlərimizdən biridir”, – deyə Ərşad Hüseynov qeyd edib.
Aynur Babazadə
Bakı 



