"Neyromed" Klinikasında vətəndaşa kassa çekinin vaxtında təqdim edilməməsi və sonradan fərqli saatla çek göndərilməsi ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, 2-3 gün əvvəl klinikadan zəng edilərək müayinə (check-up) paketi təklif olunub. Yoldaşının səhhəti ilə bağlı narahatlığı olduğundan klinikaya müraciət edən vətəndaş həkim, USM və digər müayinələrdən keçib.
Şikayətçi bildirir ki, ödəniş zamanı kassadan kassa çeki tələb etsə də, ona çek təqdim edilməyib. Klinikadan çıxarkən yenidən kassaya müraciət edərək çekini istədikdə isə bu dəfə ona “POS-terminalın zaryatkası yoxdur” cavabı verilib.
Onun sözlərinə görə, həmin vaxt kassada çek gözləyən digər pasiyentlər də olub.
Şikayətçi məsələ ilə bağlı etiraz etdikdə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirdikdə isə klinikanın əməkdaşlarından birinin ona “Onsuz da bizdə ƏDV verilmir” dediyini iddia edir.
Vətəndaşın iddiasına görə, sonradan məsələ ilə bağlı narazılığını klinikanın "check-up" mərkəzinə çatdırdıqdan sonra kassa çeki elektron formada “WhatsApp” vasitəsilə ona göndərilib.
Lakin şikayətçi çekdə göstərilən ödəniş saatı ilə klinikada faktiki olaraq ödəniş etdiyi və müayinədən keçdiyi vaxtın uyğun gəlmədiyini bildirir. O, çekin sonradan təqdim edilməsinin və üzərində fərqli vaxtın göstərilməsinin araşdırılmasını istəyir.
Şikayətçi hesab edir ki, məsələyə hüquqi qiymət verilməli, klinikanın kassa və vergi intizamı yoxlanılmalı, digər pasiyentlərin də oxşar hallarla üzləşib-üzləşmədiyi araşdırılmalıdır.
Vətəndaş məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edəcəyini bildirərək, "Neyromed" Klinikasının maliyyə fəaliyyətinin və kassa çeklərinin təqdim olunması qaydalarına əməl edib-etməməsinin yoxlanılmasını xahiş edir.
Məsələ ilə bağlı "Neyromed" Klinikasının mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Murad İsmayıl




