• Bakı 29° C

    8.1 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Nigar Fərhadın şirkəti ilə bağlı DAHA BİR ŞOK: 2 min dolları da...- FOTOLAR 

CƏMİYYƏT

19 Avqust 2026 | 10:23

Nigar Fərhadın şirkəti ilə bağlı DAHA BİR ŞOK: 2 min dolları da...- FOTOLAR 

"AID Group" şirkəti və onun rəhbərləri Nigar Fərhad barəsində vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artır.

Növbəti şikayət şirkət tərəfindən aldadıldığını bildirən vətəndaş Əbdülhəmid Xəlilov tərəfindən Bakıvaxtı.az-a daxil olub. 

"AID Group"dan şikayət edən Əbdülhəmid Xəlilov şirkətin müştərilərə xaricdə təhsil və iş imkanları vəd etdiyini, lakin sonradan bu vədlərin yerinə yetirilmədiyini iddia edir.

Onun sözlərinə görə, şirkətə 4250 manat ödəyib, lakin sonradan nə universitetə müraciət edilib, nə də vəd edilən xidmətlər göstərilib. Xəlilov bildirir ki, şirkətin fəaliyyəti dayandırıldıqdan sonra onun kimi çoxsaylı şəxslər zərərçəkmiş vəziyyətdə qalıb.

"2025-ci il sentyabrın 10-da dostumla birlikdə Nizami metrosunun yaxınlığında yerləşən  "AID Group"  şirkətinin ofisinə müraciət etdik. Şirkəti televiziyadakı reklamlarından, “Instagram” səhifəsindən və xəbərlərdə aparıcı Nigarın reklamlarından tanıyırdıq. Ofisə daxil olduqda bizi Nigar özü qarşıladı.

Bizə Kanadada magistratura təhsili ala biləcəyimizi, eyni zamanda işləmək üçün icazə veriləcəyini bildirdi. Dedi ki, iki aydan sonra işləməyə başlayaraq öz xərclərimizi qarşılaya bilərik. Bundan əlavə, yataqxana ilə təmin olunacağımızı, təqaüd alacağımızı və bir neçə aydan sonra təhsil haqqı ödəməyəcəyimizi, universitetin təhsil xərclərimizi qarşılayacağını söylədi.

Bizə həmçinin viza məsələsində 100 faiz zəmanət veriləcəyi bildirildi. Dedi ki, universitetdən qəbul və viza alınarsa, Kanadaya gedəcəyik. Əgər viza alınmasa, ödədiyimiz pul geri qaytarılacaq".

Şikayətçi deyir ki, bunun qarşılığında adambaşına 4250 manat ödəniş etməli olduqları bildirilib. Onun sözlərinə görə, həmin gün ofisin saat 18:00-da bağlanacağını deyərək pulu tez gətirməklərini istəyiblər:

"Biz də evdən gedib ümumilikdə 8500 manat gətirərək şirkətə ödədik.

Bizə rəsmi qəbz verildi və müqavilə bağlandı. Lakin həmin vaxt bizə hər hansı dil sertifikatının, xüsusilə də IELTS-in tələb olunduğu bildirilmədi. Əksinə, IELTS-in lazım olub-olmadığını soruşduqda bunun tələb olunmadığını dedilər.

Müqavilədə isə sonradan gördük ki, şirkətin bizdən hər hansı sənəd tələb etməsi halında həmin sənədləri təqdim etməli olduğumuz barədə bənd var. Sənədləri təqdim etmədiyimiz halda müqavilənin qüvvədən düşəcəyi və ödədiyimiz məbləği itirə biləcəyimiz qeyd olunmuşdu".

Əbdülhəmid Xəlilov bildirir ki, bir müddət sonra Rusiyaya gedib və təxminən bir həftə orada qalıb. Azərbaycana qayıtdıqdan sonra sənədləşmə ilə bağlı  "AID Group"a müraciət edib:

"Bu zaman mənə IELTS sertifikatı almalı olduğumu bildirdilər.

Mən onlara IELTS-in lazım olmadığını əvvəlcədən dediklərini xatırlatdım. Onlar isə müqavilədə belə bir tələb olduğunu və sertifikatı təqdim etməli olduğumu söylədilər.

Bundan sonra IELTS imtahanına hazırlaşmağa başladım. Bir müddət keçdikdən sonra isə şirkətin “Instagram” və “WhatsApp” hesablarından cavab ala bilmədiyimizi gördük. Şirkətin müştərilər üçün yaratdığı qrup da artıq aktiv deyildi.

Şirkətin bağlandığı müddətdə mesajlarıma cavab vermirdilər. Daha sonra isə qəfil mənə yazaraq guya mənim üçün bir universitet tapdıqlarını və həmin universitetə müraciət etmək istədiklərini bildirdilər. Bunun üçün universitetə depozit ödəməli olduğumuzu söylədilər.

Mən onlara artıq bu məsələnin real olduğuna inanmadığımı bildirdim. Çünki əvvəlcə mənə IELTS sertifikatı almalı olduğumu deyirdilər, daha sonra isə IELTS almadan universitet üçün pul ödəməyimi tələb edirdilər. Bunun düzgün olmadığını söylədim. 

Bu söhbətdən təxminən bir həftə sonra şirkət bağlandı. Mənə elə gəlir ki, şirkət bağlanmazdan əvvəl bizdən əlavə olaraq 2 min dollar almağa çalışırdılar. Daha sonra isə ofisi bağlayıb getdilər.

Ofisə gedəndə orada böyük bir köç prosesi olduğunu gördük. Bunun nə olduğunu soruşduqda bizə ofisdə təmir getdiyini dedilər. Lakin bir müddət sonra məlum oldu ki, şirkət ofisini tamamilə bağlayıb və fəaliyyətini dayandırıb.

Daha sonra şirkətdən zərər çəkdiyini bildirən insanların sosial şəbəkələrdə və “WhatsApp” qrupunda toplandığını gördük. Bildiyimə görə, 100-dən, hətta 120-130 nəfərdən çox insanın bu məsələdən zərər çəkdiyi bildirilir".

O, hazırda bununla bağlı şikayət etdiyini vurğulayıb:

"Eşitdiyimə görə, bəzi şəxslərə ödənişlərinin müəyyən hissəsi qaytarılıb. Bildirilir ki, təxminən 10-13 nəfərin ödənişi həyata keçirilib. Lakin həmin şəxslərə sənəd imzalatdırılıb və sənəddə bütün ödənişlərin və zərərlərin qarşılandığı qeyd olunub.

Hazırda Nigarın azadlıqda olduğunu və fəaliyyətini davam etdirdiyini bildirirlər. Peyman adlı bir şəxs də var. O, Nigarın həm dostu, həm vəkili, həm də yaxın çevrəsində olan şəxs kimi təqdim olunur. Bildirilir ki, məsələlərlə əsasən Peyman məşğul olur.

Bəzi zərərçəkənlərin ödənişlərinin də Peyman tərəfindən həyata keçirildiyi deyilir. Biz Peymanla danışdıq. O bildirdi ki, Nigardan nə qədər pul alırsa, həmin vəsaitin qarşılığında zərərçəkənlərlə danışır, onları razı salır və ödənişlərini həyata keçirir". 

Onun sözlərinə görə, indiyədək təxminən 10-13 nəfərin ödənişi həyata keçirilib. Lakin digər zərərçəkənlərə münasibətdə ödənişlərin hansı formada aparılacağı hələ dəqiq deyil:

"Bildirilir ki, məsələ məhkəməyə çıxarıldıqda şirkətin maliyyə imkanlarının məhdud olduğu əsas gətirilərək ödənişlərin hissə-hissə həyata keçirilməsi təklif edilə bilər. Məsələn, aylıq müəyyən məbləğ ödəməklə borcun mərhələli şəkildə bağlanması nəzərdə tutulur.

Bəzi zərərçəkənlər isə ödənişlərin bu formada deyil, tam şəkildə və qısa müddətdə həyata keçirilməsini tələb edirlər. Bu səbəbdən tərəflər arasında razılığın əldə olunması məsələsi hələ də açıq qalır.

Mənim əsas problemim isə budur ki, şirkət bizə xaricdə təhsil və işlə bağlı vədlər verdi, lakin sonradan həmin vədlərin heç biri yerinə yetirilmədi. Mənim üçün xaricdəki universitetə ümumiyyətlə müraciət edilməyib. Dostum üçün də eyni vəziyyət yaşanıb.

Nəticədə biz həm ödədiyimiz puldan, həm də vaxtımızdan məhrum olmuşuq. Şirkət isə bir müddət sonra fəaliyyətini dayandıraraq yoxa çıxıb", - deyə şikayətçi bidirib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026