Son vaxtlar məktəblərdə baş verən hadisələr fonunda təhlükəsizlik məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Valideynləri düşündürən əsas suallardan biri isə budur: məktəblərdə təhlükəsizlik kameraları niyə bütün təhsil müəssisələrində quraşdırılmayıb?
Bakıvaxtı.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi mövzu ilə bağlı oxu.az-ın sorğusunu cavablandırıb.
Nazirlikdən bildirilib ki, təhsil müəssisələrinin tikintisi və maddi-texniki təchizatı ilə bağlı vahid normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli qərarı ilə təsdiq edilib:
"Həmin sənəddə məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması məcburi tələb kimi nəzərdə tutulmayıb. Təhlükəsizlik kameralarının quraşdırılması məktəblərin əsaslı təmiri və tikintisi üçün təsdiq edilmiş smetalara uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlər çərçivəsində həyata keçirilir və bu proses mərhələli şəkildə təmin edilir.
Valideynlər və ya yerli icma tərəfindən məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı təşəbbüs irəli sürüldükdə, təhsili idarəetmə orqanları buna etiraz etmir və qanunvericiliyə uyğun olaraq dəstək göstərir".
Açıqlamada qeyd olunub ki, quraşdırılan kameraların saz vəziyyətdə saxlanılmasına məktəbin texniki heyəti nəzarət edir:
"Hər hansı nasazlıq yarandıqda isə problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür".
Bakı 




