Pandemiya dövründə insanlarda yaranan vərdişlərdən biri də onlayn alış-veriş oldu. İnsanlar kiçik əşyaları onlayn formada aldığı kimi, avtobillərini də xaricdən gətirməyə üstünlük verdilər. Düzdür, pandemiyadan əvvəl də avtomobillər daha çox xaricdən gətirilirdi, ancaq pandemiya dövründə təlabat daha çox artdı. Maraqlısı odur ki, Azərbaycanda öz istehsal etdiyi avtomobillərlə yanaşı, xarici markaların distributorları da var. Hətta bu avtomobillər kreditlə də satılır. Bəs belə olan halda, niyə insanlar avtomobilləri xaricdən gətirməyə üstünlük verir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a danışıb:

Bu gün Azərbaycanda minik avtomobillərin istehsalı o qədər də çox deyil. Azərbaycanda ildə, təxminən, iki minə qədər avtomobil istehsal olunur. Bu da, təbii ki, tələbatlarımızı ödəmir. Bu səbəbdən də, vətəndaşlar ölkəmizdəki rəsmi dilerlərdən həm təzə, həm də istifadə edilmiş avtomobillər alırlar. Sahibkarlar və fiziki şəxslər də xaricdən avtomobil alıb gətirirlər.
Bu gün Azərbaycanda avtomobilə olan tələb illik 70 min ədəddir. Hətta ölkənin iqtisadiyyatının dayanıqlığı, milli valyutamızın stabil qalması bu rəqəmin artmasına da şərait yaradır. Əslində, bu yaxşı haldır, çünki nə vaxt iqtisadiyyatda hərəkətlilik olsa, o zaman avtomobillərə ehtiyac artır. Eyni zamanda, avtomobillərə ehtiyacın artması əhalinin sayının çoxalması və iqtisadiyyatın şaxələnməsi ilə əlaqədardır.
Hazırda ölkəmizə idxal olunan avtomobillər arasında, təəssüf ki, ikinci əl avtomobillər çoxluq təşkil edir. Bu da onunla əlaqədardır ki, yeni avtomobil alarkən kredit şərtlərinin ağır olması vətəndaşları ikinci əl avtomobillərə üstünlük verməyə məcbur edir. Təbii ki, ikinci əl avtomobilləri də ölkəmizə avropa, Yaponiya, ABŞ kimi ölkələrdən idxal olunur.
Aytac Aslan















