• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Orta Şərqdə gərginlik: Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

İQTİSADİYYAT

12 Mart 2026 | 16:00

Orta Şərqdə gərginlik: Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi daha da artırıb və bu proses artıq qlobal enerji bazarlarında da hiss olunmağa başlayıb. 

Orta Şərqdə gərginliyin davam etməsi Azərbaycan və qonşu ölkələr üçün hansı iqtisadi riskləri yarada bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ABŞ, İran və İsrail arasında müharibənin həm region, həm də qlobal iqtisadiyyat üçün mənfi nəticələri qaçılmaz görünür. Bu təsirləri bir neçə istiqamətdə qruplaşdırmaq olar.

Ekpertin sözlərinə görə, ilk növbədə, enerji daşıyıcılarının qiymətlərinin artması gözlənilir. Müharibə əsas tranzit marşrutlarına təsir göstərdiyi üçün tədarük zəncirlərində fasilələr yarana bilər. Bu isə qlobal inflyasiya təzyiqinin artmasına səbəb olacaq. Nəticədə dünyada mal və xidmətlərin qiyməti yüksələcək, həmin məhsulları idxal edən ölkələrdə, o cümlədən Azərbaycanda idxal inflyasiyası güclənəcək. Qiymətlərin artması region ölkələrinin vətəndaşlarının alıcılıq qabiliyyətini azaldacaq və gündəlik xərclərin artmasına gətirib çıxaracaq:

"Müharibənin eskalasiyası ehtimalı fonunda region ölkələrinin hərbi xərclərini artırması da gözlənilir. Artan müdafiə xərcləri bəzi dövlətləri sosial layihələrə daha az vəsait ayırmağa məcbur edə bilər. Digər tərəfdən, bəzi ölkələr bu xərcləri qarşılamaq üçün borclanma yolunu seçə bilər ki, bu da fiskal təzyiqlərin artmasına səbəb olacaq".

Rəşad Həsənov: Bahalaşma region ölkələrində alıcılıq qabiliyyətini azaldacaq,  gündəlik xərclərin artmasına gətirib çıxaracaq

Müsahibimiz bildirib ki, müharibənin ilk günlərindən etibarən təsir göstərən sahələrdən biri də turizmdir. Region ölkələrinin turizm sektoru həm birbaşa bazarların, məsələn İran bazarının itirilməsi, həm də dolayısı bazarların zəifləməsi səbəbindən ciddi itkilərlə üzləşə bilər. Müharibənin genişlənməsi Körfəz ölkələri bazarından gələn turist axınını da azalda bilər. Məsələn, Azərbaycanın turizm sektorunda İran və Körfəz ölkələri təxminən 20 faiz bazar payına malikdir. Gərginlik bir il davam edərsə, Azərbaycan iqtisadiyyatı təxminən 1 milyard manatlıq birbaşa turizm gəlirindən məhrum ola bilər. Digər ölkələr də oxşar, bəzi hallarda isə daha böyük itkilərlə üzləşə bilər. Məsələn, Türkiyədə turizm gəlirlərinin azalmasının illik 5-6 milyard dollar səviyyəsində ola biləcəyi ehtimal edilir:

"Turizm sektorundakı bu geriləmə digər sahələrə də mənfi təsir göstərir. Təhlükəsizlik səbəbindən müəyyən coğrafiyalara uçuşların məhdudlaşdırılması hava yolu şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur. Bu isə aviasiya sektorunda əlavə iqtisadi daralma yaradır və bəzi hallarda hökumətlərin aviaşirkətləri subsidiya proqramları vasitəsilə dəstəkləməsini zəruri edir.

Digər bir məsələ isə müharibənin birbaşa təsir etdiyi ölkələrdə istehsal və ixrac imkanlarının məhdudlaşmasıdır. Məsələn, İran istehsalat prosesində yaranan problemlər və iqtisadi təzyiqlər səbəbindən bəzi zəruri tələbat məhsullarının ixracını məhdudlaşdırmaq məcburiyyətində qala bilər. Bu halda Azərbaycan da daxil olmaqla region ölkələrində xüsusilə aşağı və aşağı-orta gəlirli sosial qruplar üçün münasib qiymətə əldə edilə bilən məhsulların əlçatanlığı azalacaq və inflyasiya təzyiqi daha da güclənəcək".

R.Həsənov qeyd edib ki, bəzi hallarda belə münaqişələrdən neft ixrac edən ölkələrin qısa müddətdə qazanc əldə etdiyi düşünülür. Azərbaycan da regionda neft hasil edən ölkə kimi ilk baxışdan neftin bahalaşmasından fayda əldə edən tərəf kimi görünə bilər. Lakin uzunmüddətli perspektivdə bahalı neft Azərbaycan üçün də əlverişli deyil. Çünki enerji qiymətlərinin artması qlobal miqyasda bütün mal və xidmətlərin bahalaşmasına səbəb olur və Azərbaycan bu məhsulları idxal edərkən daha yüksək qiymətlərlə qarşılaşır. Nəticədə ölkə əhalisi bu prosesin mənfi təsirini birbaşa hiss edi:

"Bununla belə, Azərbaycan neft hasil etməyən ölkələrlə müqayisədə müəyyən üstünlüklərə malikdir. Ümid etmək olar ki, hökumət bu imkanlardan istifadə edərək müharibənin vətəndaşlara və biznesə təsirini azaltmağa yönəlmiş proqramların maliyyələşdirilməsinə diqqət yetirəcək və mümkün iqtisadi zərərlərin qismən neytrallaşdırılmasına çalışacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR