Ötən həftə ərzində (3-9 yanvar) "omikron" ştamının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma hallarının sayında rekord artım qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, son bir həftə ərzində ÜST-yə dünya üzrə 15 milyondan çox yeni COVID-19 halı barədə məlumat daxil olub: "İndiyə qədər bu, bir həftə ərzində qeydə alınmış ən yüksək göstəricidir".
Baş direktor bildirib ki, koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasına səbəb "omikron" ştamının yayılmasıdır.
Tedros Adhanom Qebreyesus bir daha peyvənd olunmağın zəruriliyini vurğulayıb: "Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi hələ də əhalisinin 40 faizini belə peyvənd etməyib, bu ölkələrin 36-sı isə əhalisinin 10 faizindən azını peyvənd edib", - deyə ÜST-ün baş direktoru qeyd edib.
















