İki azyaşlı övladından ayrı qalan ana uşaqlarına qovuşub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı video müraciəti yayılan qadın daha sonra “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə – 116111-ə müraciət edib. Ana müraciətində 7 və 4 yaşlı övladlarının babaları tərəfindən onunla görüşmək məqsədilə aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirib.
Müraciət əsasında məsələ aidiyyəti qurumlara yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər görülüb.
Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib.
Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 7 və 4 yaşlı uşaqlarına qovuşub.
Qurumdan bildiriblər ki, uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır.
Günəş Mərd

Bakı 



