• Bakı 17° C

    0.53 m/s

Oxuyurlar, amma anlamırlar... - Ekspert ÇIXIŞ YOLUNU GÖSTƏRDİ

CƏMİYYƏT

10 Sentyabr 2026 | 10:41 | Müəllif: Qalib İbrahimoğlu

Oxuyurlar, amma anlamırlar... - Ekspert ÇIXIŞ YOLUNU GÖSTƏRDİ

“Ölkəmizdə oxuyub-anlama ilə bağlı ciddi problemlər var. Bu problemlər uzun illərə dayanır”.

Bunu təhsil eksperti Elçin Əfəndi elm və təhsil naziri Emin Əmrullayevin "PISA-2025" - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında söylədiyi “Azərbaycanın əsas problemlərindən biri şagirdlərin oxuduğunu anlaması ilə bağlıdır” fikrinə münasibət bildərərkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, demək olar ki, müstəqilliyimiz bərpa olunduqdan sonra yaranmış qarışıq vəziyyət insanların oxumasın, eyni zamanda oxuduqlarını anlaması ilə bağlı ciddi problemlərə gətirib çıxarıb. Ekspert deyib ki, hazırda texnoloji alətlərdən geniş istifadə insanların mütaliə, eyni zamanda oxumasına, oxuduğunu anlamasına ciddi təsir gösərir:

“Bu problemin aradan qaldırılması tam və orta təhsil müəssisələrində vərdişlərin formalaşmasından asılı olaraq dəyişir. Biz tədris prosesində daha çox oxuyub anlama istiqamətində mətnlər təqdim edəriksə, oxuduğumuzu başa düşərək hansısa məsələnin həllini tələb edəriksə, təbii ki, yaranmış problemi aradan qaldıra bilərik”.

Elçin Əfəndi: Ölkəmizdə oxuyub-anlama ilə bağlı problemlər uzun illərə dayanır

E.Əfəndi vurğulayıb ki, burada təkcə şagirdlər üzərində deyil, eyni zamanda müəlimlərində bu istiqamətdə vərdişləri formalaşmalıdır:

“Onların bilik və bacarıqlarının qiymətləndirilməsi də məhz oxuyub-anlama üzərindən qurulmalıdır. Burada biz nə etməliyik? Əlbəttə, istər sertifikasiya, istər MİQ imtahanlarında çalışmalıyıq ki, oxuyub-anlama istiqamətində mətnlər təqdim edək və onlar üzərindən qiymətləndirməni həyata keçirək. Bununla insanlar üzərində oxuma və anlama vərdişləri formalaşar. Bunu etsək, təhsil göstəricilərində müəyyən nailiyyətlər əldə edə bilərik. Əks halda, qarşımıza çıxan sual-tapşırıqları başa düşmədiyimiz üçün onlardan imtina edəcəyik. Bu isə təhsil göstəricilərinə mənfi təsir göstərir”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanın əsas problemlərindən biri şagirdlərin oxuduğunu anlaması ilə bağlıdır. Nazirin sözlərinə görə, PISA nəticələri oxu savadlılığı istiqamətində ciddi pedaqoji problemlərin olduğunu göstərir və Bakı üzrə də bu sahədə geriləmə müşahidə olunub:

“Bizim ən ağrılı yerimiz oxu məsələsidir. Sona gəldikdə, oxu ilə bağlı daha ciddi problemlərin olduğunu görəcəyik. Çünki şagirdin oxuduğunu anlamaması problemdir”.

Nazir vurğulayıb ki, oxuduğunu anlama problemi yalnız Azərbaycana xas deyil və bütövlükdə region üçün xarakterik məsələdir. O, Azərbaycan və Bakı üzrə regiondakı digər göstəricilərlə müqayisədə müəyyən üstünlüklərin olduğunu, lakin oxu savadlılığının inkişafı üçün daha ciddi addımların atılmasına ehtiyac yarandığını deyib. “Azərbaycan və Bakı üzrə regionda oxu savadlılığı ilə bağlı göstəricilərimiz yaxşı olsa da, irəli getməyə yerimiz çoxdur. Təhsil ictimaiyyəti bunu ciddi müzakirə etməlidir”.

Emin Əmrullayev oxu bacarıqlarının inkişafına təhsil sistemində kifayət qədər diqqət yetirilmədiyini bildirib. Nazir hesab edir ki, bu istiqamətdə iş müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması mərhələsindən başlamalıdır:

 “Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR