• Bakı 27° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Pomidor niyə BAHALAŞDI? - "Öz məhsulumuzu tullayıb..."   

CƏMİYYƏT

26 Avqust 2026 | 11:39

Pomidor niyə BAHALAŞDI? - "Öz məhsulumuzu tullayıb..."

Son günlər bazarlarda pomidorun qiymətində müşahidə olunan kəskin artım həm alıcıların narazılığına, həm də kənd təsərrüfatındakı sistemli problemlərin yenidən gündəmə gəlməsinə səbəb olub.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib ki, pomidorun bahalaşması bir neçə əsas amillə birbaşa bağlıdır:

"Qiymət artımı mövsümün sonuna yaxınlaşmağımız, təchizat xərclərinin artması və son vaxtlar ixrac dinamikasının yüksəlməsi - xüsusən Rusiyadan pomidora tələbatın artması ilə əlaqədardır. Eyni zamanda, fəslin sonuna yaxın müşahidə olunan kəskin istilər və yağmurlu havalar məhsuldarlığa ciddi təsir edərək xərcləri artırır".

Şahin Nəcəfli: Ucuz məhsul varsa, bilin ki, fermer onu ziyanına satır

Ekspert vurğulayıb ki, bazarda "ucuz məhsul" anlayışını unutmaq lazımdır, çünki fermerlərin maya dəyəri xərcləri kəskin artıb:

"Azərbaycanda problem odur ki, Kənd Təsərrüfatı Nazirliyi çöl və ya istixana pomidorunun maya dəyərini hesablayıb elan etmir. Bu gün fəhlənin günlük əməkhaqqı 20-25 manatdır, gübrə, dərman və logistika od qiymətinədir. Pomidorun təkcə Xaçmazdan yığılıb Bakı bazarlarına çatdırılma xərci fermerə ən azı 50 qəpiyə başa gəlir. Belə olan halda bazara necə ucuz məhsul girə bilər? Ucuz məhsul varsa, bilin ki, fermer onu ziyanına satır, bunun başqa adı yoxdur".

Ş.Nəcəfov kənd təsərrüfatında sənayeləşmənin olmamasını əsas problem kimi göstərib:

"Biz hələ də kənd təsərrüfatında sənayeləşməyə keçə bilməmişik. Fermer birinci sort məhsulunu bazara çıxarır, qalan hissəsi isə çöplüyə gedir. Nəticədə bütün xərc birinci sort malın üstünə yüklənir. Bölgələrdə konserv zavodları, soyuducu depolar və meyvəqurutma yerləri qurulmalıdır. İndi min tonlarla məhsul çöplüyə gedir, ama 5 gündən sonra biz İrandan dollar verib tomat alacağıq. Halbuki o məhsul sənayeyə yönəlsəydi, xərclər balanslaşar və daxili bazarda da qiymətlər daha münasib olardı".

Ekspert əlavə edib ki, fermerlərə gübrə və dərmanlama ilə bağlı təlimlər verilməli, torpaq analizləri düzgün aparılmalı və susuzluğa davamlı şitillər seçilməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026