• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Özgənin ölüsünü bayatı ilə ağlayarlar - Rasim İsmayılov yazır

MEDİA

29 Iyul 2024 | 11:07

Özgənin ölüsünü bayatı ilə ağlayarlar - Rasim İsmayılov yazır

Jurnalist Ədil Arifoğlu öldü.

Səssiz-səmirsiz öldü. Hamımız beləcə öləcəyik - səssiz-səmirsiz. Bizdən qalan isə problemlər, qayğılar, yas xərcləri, başdaşı borcları olacaq.

Beş-altı dost-tanış kəfənləyib doğmalarımıza təhvil verib, siqaret çəkib dağılışacaq. Uzağı sosial şəbəkədə ağrılı bir status yazacaqlar. Sonra da illərlə üzünü görmədiyimiz qohumlar, uşaqlıq dostları kənd qəbristanlığında dəfn edəcək. İllərini "media kapitanları"nın alverlərinə qurban vermiş nə qədər media adamı "yadımızdan çıxıb"? Məmməd Nazimoğlu, Samir Əsgərxanov, Elmira Əmrahqızı, Ağalar Mirzə, Adil Qaçayoğlu, Elçin Səlcuq, Ceyhun Nağı, Zöhrab Əmirxanlı, Natiq Qədimov. Daha kimləri yazmadım siz deyin.

Ədil birinci Qarabağ müharibəsinin canlı tarixi idi. Tək Ədilmi? Uzun illərdir çəkdiyi müharibə kadrlarını dövlət siyasətindən tutmuş hər günümüzdə istifadə etdiyimiz müharibə görüntülərini çəkənlərdən kimləri tanıyırsınız?

Fikrət Qafarovu tanıyan varmı? Elə Ədilin yaralanma kadrlarını da o çəkmişdi. Birinci müharibənin yüzlərlə çəkilişin müəllifi idi Fikrət. Hətta kontuziya da almışdı. Ailəsini yerləşdirə bilmədiyinə görə atasından qalma 2 otaqlı evini xəstə halı ilə bir az uzağa 9-cu mərtəbəyə dəyişdi. Bir dəfə dedi hər əlimi liftin düyməsinə basanda fikirləşirəm ki, işləməsə bu halımla 9-cu mərtəbəyə necə çıxacam?

Bəs Seyidağa Mövsümlü? Bilirsinizmi o kübar şəxsiyyət Abşeron bağlarının birində tək-tənha (doğmaları baxımında demirəm) səssiz-səmirisiz dünyadan köçdü.

Uzun əziyyətdən sonra Ədil də uzaq Hövsan qəsəbəsində bir balaca yuva qurdu. İki qızı hələ məktəbi bitirməmiş yığışıb getdi. İllərlə ölümlə üz-üzə işləmiş, müharibədə yaralanmış, tarixi çəkmiş bir adamın layiq olduğu bu idimi?

 

Ədil tamahkar adam deyildi. Varı-dövləti boğazından asdığı güllə gilizi idi. O giliz ki, Qarabağda boğazından girib beynində dayanmışdı. O giliz Ədillə Bakıya gəlmiş və həkimlər tərəfindən çıxardılmışdı. Ədil o düşmən gülləsini ipdən keçirib boğazından asmışdı. Ədil öz ölümünü yaxasında gəzdirirdi. Ö giliz onun ölüm mələyi olaraq boğazını düşmən kəndiri ilə boğurdu. Hər səhər kinayə ilə "sabahın xeyir" deyirdi. Təzəcə Ədil onun kinayəsinə kinayə ilə cavab verirdi ki, ömür vəfa etmədi.

Ədil istedadlı idi, Ədil kefqom idi, Ədil pozitiv idi, Ədil vətəpərvər idi, Ədil ləyaqətli idi, Ədil hövsələsiz idi, Ədil zarafatçıl idi, Ədil zəhmətkeş idi, Ədil saf idi demirəm. Çünki daha bunları deməyin nə mənası var? Çünki mənalı həyatı yaşayanlar yaşayır və yaşayacaq da. Hələ daha bahalı kostyumlar axtaracaqlar, təzə turizm adaları kəşf edəcəklər, tədbirlərdə qabaq sırada şəkil çəkdirəcəklər, itlərinin yeməyini xaricdən gətirəcəklər, daha bahalı viskilər, romlar, vodkalar içəcəklər ədillərin-bizim hesabımıza. Ədilin ölümü ilə dünya dağılmadı. Heç "kapitanların" da dünyası dağılmadı. Çünki bu binəva millətin o qədər ləyaqətli, zəhmətkeş, saf övladları var ki, onların lüks həyatının təmin olunması üçün "vətən sağ olsun" deyib qul kimi işləməyə.

Jurnalist həmkarlarım, bir-birimizlə didişməyək, yeməyək bir-birinizi bizi istifafə edib, arxamızca "saf uşaqlar" ayaması deyənlərə görə. Heç olmasa layiq olmayanlardan hazırladığmız yüzlərlə məqalədən, verilişdən birini də öz həmkarlarımıza həsr edək. Tam səmimi və məsuliyyətlə deyirəm.

Azərbaycanda faiz dərəcəsinə görə ən ləyaqətli və peşəkar kontingenti olan sahə jurnalistikadır.

Qədrimizi bilək.

Özgənin ölüsünü bayatı ilə ağlayarlar.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024