"Geyimlərimin hamısı özümdə qalır. Paltarımı nə hədiyyə edirəm, nə də satıram. Satmaq mənlik deyil. Hər bir geyimim mənim üçün xatirədir. Bir dəfə geyinsəm belə, onu saxlayıram. Həm də sıradan geyimlər geyinmirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Aygün Kazımova deyib. Pop kraliça ona ünvanlanan sualları cavablandırıb. Səhnəyə çıxmağın onun üçün xüsusi hazırlıq tələb etdiyini bildirən ölkənin əsas ulduzu bunları söyləyib:
"Demək olar ki, hər gün səhnədəyəm. Hər çıxış üçün yeni obraz, yeni geyim hazırlanmalıdır. Mənim üçün bu, əsl sənət əsəridir. Fərqi yoxdur, böyük konsertdir, yoxsa bir mahnı və ya bir saatlıq proqram. İllərdir birlikdə çalışdığım böyük komandam var - Rüfət İsmayıl, Ruxa, Günəş Nur və digərləri. Hətta bir mahnı oxuyacağım çıxış üçün belə ciddi hazırlıq görülür".
Kazımova alış-verişə olan sevgisindən də danışıb:
"Mən mağazaya getmirəm, mağaza bizə gəlir. Çox alış-veriş edirəm. Ruxa hər dəfə deyir ki, bu qədər geyimə pul xərcləmə. Amma sonradan baxıb deyir, yaxşı ki, almısan. Bu, həm qadınlığımdan, həm də sənətimə olan sevgidən irəli gəlir. Aldığım geyimlərin hamısını da saxlayıram".
Xalq artisti günə necə başladığını da açıqlayıb:
"Səhərlər çox erkən oyanıram. Axşam çıxışım yoxdursa, tez yatıram. Sevdiyim qızlarım - Yanita, Şarlin və Merlin həmişə yanımda olur. Günə isti su və zeytun yağı ilə başlayıram, sonra qəhvəmi içirəm. Ardınca idman edirəm. Yay aylarında dəniz kənarına gedir, günəş vannası qəbul edib gəzintiyə çıxıram. Sonra evə qayıdıb yemək yeyirəm, bir qədər dincəlirəm və günün ən maraqlı hissəsi başlayır: bu gün nə geyinəcəyimi düşünürəm".
"Güclü qadın olmaq sizin üçün nə deməkdir" sualını isə A.Kazımova belə cavablandırıb:
"Güclü qadın olmaq Aygün Kazımova deməkdir. Qadını cazibədar edən onun təmkinli və hövsələli olmasıdır. Əsl qadına xas xüsusiyyətlərə sahib olmaq vacibdir. Güclü qadın olmaq həm üstünlük, həm də məsuliyyətdir. Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar. Amma onu tanıyandan, danışığını eşidəndən sonra fikirləri dəyişir. Bəzən gözəllik qadına problem də yarada bilir. Güclü qadın isə harada necə davranacağını, nəyi deyib-deməyəcəyini bilir və bu da ona uğur qazandırır".
Kazımova görünüşündəki dəyişiklik və plastik əməliyyatlarla bağlı sualı da cavablandırıb:
"Əsas məsələ insanın enerjisidir. Təkcə plastik əməliyyatla heç nə həll olunmur. Hər şey kompleks şəkildə edilməlidir. Sevindirici haldır ki, xanımlarımız artıq peşəkar həkimlərə müraciət edirlər. Mənim də həkimlərim hər zaman öz sahələrinin ən yaxşıları olublar, hamı onlara müraciət etsin (gülür)".
Bakı 



