• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Parlament partiyaları növbəti hədəflərini açıqladılar

SİYASƏT

13 Iyul 2026 | 15:16

Parlament partiyaları növbəti hədəflərini açıqladılar

Sabah Milii Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası keçiriləcək. Deputatlar yay tətilinə yollanacaqlar.

Yay ayları bir çoxları üçün istirahət və dincəlmə dövrü olmaqla yanaşı, həm də geridə qalan fəaliyyətə nəzər salmaq, görülən işləri dəyərləndirmək və qarşıdakı hədəfləri müəyyənləşdirmək üçün fürsət hesab olunur. Parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri də bu baxımdan istisna deyil. Maraqlıdır, onlar builki parlament fəaliyyətini necə qiymətləndirirlər? Qarşıdakı sessiyada hansı təşəbbüslərlə çıxış etməyi planlaşdırırlar və yeni qanunvericilik dövrü ilə bağlı əsas prioritetləri nələr olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq partiya sədrlərinə sorğu ünvanladıq.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, parlament fəaliyyəti bu sessiyada daha çox qanunlar qəbul olunması ilə yadda qaldı:

“Çox sayda ictimai dinləmələr keçirildi. Parlamentin bütün parametrlər üzrə fəaliyyətini əks etdirən çox maraqlı bir təmsilçilik oldu. Xüsusilə beynəlxalq səviyyədə parlamentin təmsilçiliyi çox ciddi bir təsir gücünə malikdir. Parlament sədrinin səfərləri yenə də intensiv xarakter daşıdı. Bakıda keçirilən beynəlxalq tədbirlərdə Parlament Assambleyasının üzvlərinin aktiv iştirakı oldu. Şəhərsalma ilə bağlı çox maraqlı tədbirlər keçirildi və bütün bu istiqamətlərdə parlament diplomatiyasının ən böyük uğurunun şahidi olduq. Çünki hər tərəfli bizim müəyyən çalışmaların həyata keçirilməsi istiqamətində addımların atıldığını gördük”.

Dediyinə görə, parlament üzvlərinin də ölkənin ictimai-siyasi həyatında çox aktiv rol alması öz təsirini göstərdi:

“Bütövlükdə sessiyanı uğurlu saymaq olar. Hətta bu sessiyanın bir az da iyul ayına qədər davam etməsi onu göstərdi ki, hər hansı bir yarımçıq işlərin növbəti sessiyaya saxlanmaması üçün deputatların bu fəaliyyətin daha intensiv həyata keçirilməsinə müəyyən bir məsuliyyətlə yanaşması oldu. Ümid edirəm ki, payız sessiyasına daha fərqli bir hazırlıqla başlanacaq və parlament yenə də Azərbaycanın ictimai-siyasi həyatında öz aktiv rolunu ortaya qoyacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə builki parlament fəaliyyətlərini qənaətbəxş hesab edir:

“Amma bu, tam olaraq arxayınlıq gətirməməlidir. Təbii ki, daha fəal olmağa çalışacağıq. Bu sessiya dövründə həm komitə iclaslarında, eləcə də plenar iclasda, həmçinin parlament dinləmələrində müxtəlif qanun layihələrinin qəbulu ilə bağlı öz təkliflərimizi verdik, fikirlərimizi bildirdik. Amma hesab edirəm ki, daha aktiv olmaq mümkündür. Eləcə də bir sıra görüşlərdə parlament xətti ilə dostluq qruplarının tərkibində iştirak etdik və təbii ki, tətildən sonra bu fəaliyyətimizi bir qədər də intensivləşdirməyi və daha fəal olmağı hədəfləyirik”.

Sədr ümid edir ki, gələcək fəaliyyətləri bir qədər də əvvəlkilərə nisbətən daha məhsuldar olacaq:

“Eyni zamanda təmsil etdiyim dairədə seçicilərimizlə də mütəmadi olaraq çoxsaylı görüşlərimiz olub. Seçicilərin problemlərinin həlli istiqamətində komanda olaraq fəaliyyət göstərmişik və bu fəaliyyətimiz davam etməkdədir. Görüşlərimiz həm seçki dairəsində yerləşən ofisimizdə, eləcə də ayrı-ayrı qəsəbələrdə, məhəllələrdə seçicilərin müraciəti əsasında olub. Heç olmazsa seçicilərin problemləri ilə bağlı daha yaxından iştirak etmək və öz dəstəyimizi çatdırmağa çalışmışıq, bundan sonra da bu fəaliyyəti bir qədər də gücləndirməyi hədəfləyirəm”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə builki fəaliyyətlərini müsbət qiymətləndirib. Həmçinin, tətildən sonrakı dövrdə də yeni töhfələr verməyi qarşılarına məqsəd qoyublar.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, parlamentdəki fəaliyyətlərini imkanlar daxilində məsuliyyətlə həyata keçirməyə çalışırlar:

“Digər partiyalarla müqayisə aparmağı düzgün hesab etmirəm. Hər kəs öz imkanları və baxışları çərçivəsində fəaliyyət göstərir. Xüsusi planlarımız yoxdur. Payızda ölkədə olan duruma uyğun fəaliyyətimizi quracağıq”.

REAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, parlament partiyası kimi fəaliyyətlərində müəyyən irəliləyişlərə nail olmaq istəyi həmişə olmalıdır:

“Yəni mükəmməlliyə və yaxud da yaxşı işləməyə doğru həmişə addımlar atılmalıdır. Daim qane olsaq, inkişaf olmaz”.

Onun sözlərinə görə, parlamentdə cəmi bir deputatla təmsil olunduğuqlarından qanunvericilik fəaliyyətində iştirakla bağlı müəyyən məhdudiyyətlər var:

“Yəni biz bir deputatla iştirak ediriksə, görəcəyimiz iş parlament çərçivəsində o qədər də böyük, geniş deyil. Amma bacardığımızı etməyə çalışırıq”.

O qeyd edib ki, partiyanın deputatı Erkin Qədirlinin beynəlxalq fəaliyyəti bu anlamda daha nəzərəçarpandır:

“Keçən həftə Ukraynaya, Kiyevə növbəti dəfə səfər etdi, qarşı tərəfin dəvəti ilə və çox maraqlı görüşlər keçirdi. Vitse-spikerlə, hökumət nümayəndələri ilə, nazirlərlə, baş nazirin müavini ilə və sairə çox ciddi görüşləri oldu. Bundan öncə Böyük Britaniyanın, İrlandiyanın və digər ölkələrdən gələn nümayəndə heyətləri ilə Azərbaycanda görüşlərin təşkilində Erkin Qədirlinin çox ciddi rolu oldu. Yerli istiqamətdə isə ən çox işlədiyimiz məsələ vətəndaşların qəbulu və onların şikayətlərinə baxılmasıdır. Biz bir il ərzində yüzlərlə müraciət alırıq. Yəni Erkin Qədirlinin adına və çalışırıq o müraciətləri əlaqədar dövlət və hökumət qurumlarına yönləndirərək, vətəndaşların problemlərinin həllində mühüm rol oynasın, belə bir bağın qurulmasına çalışırıq”.

Natiq Cəfərlinin dediyinə görə, daha çox fəaliyyət göstərmək üçün çalışmaq lazımdır.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR