• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Paşinyanın hökumət proqramı: Azərbaycanla sülh, Türkiyə ilə sərhədin açılması...

SİYASƏT

20 Avqust 2026 | 13:32

Paşinyanın hökumət proqramı: Azərbaycanla sülh, Türkiyə ilə sərhədin açılması...

Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması, həmçinin Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji tərəfdaşlığın dərinləşdirilməsi niyyətindədir. Rusiya ilə isə yeni regional reallıqlar fonunda qarşılıqlı faydalı əməkdaşlığın yenidən qurulması planlaşdırılır.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumət iclasında təqdim etdiyi və parlamentə təsdiq üçün göndərilməsi nəzərdə tutulan 2026-2031-ci illər üçün Ermənistan hökumətinin proqramında qeyd olunur.

Proqramın xarici siyasət bölməsində bildirilir ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası prosesini davam etdirəcək. Eyni zamanda iki ölkə arasında sülhün təsis edilməsi, o cümlədən sülh müqaviləsi və digər hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılacaq. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi də prioritetlər sırasında göstərilir.

Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını və sərhədin ən azı iki müasir keçid məntəqəsi ilə açılmasını planlaşdırır. Bu keçid məntəqələrindən biri Ermənistanın Armavir vilayətində yerləşən Markara məntəqəsidir. Proqramda həmçinin iki ölkə arasında enerji infrastrukturunun yenidən işə salınması nəzərdə tutulur.

İran, Gürcüstan, Aİ və ABŞ ilə əlaqələr

Proqramda İranla strateji tərəfdaşlığın dərinləşdirilməsi, siyasi dialoqun davam etdirilməsi və xüsusilə enerji sektorunda iqtisadi əlaqələrin gücləndirilməsi planları yer alıb. Həmçinin Fars körfəzi–Qara dəniz nəqliyyat dəhlizinininkişaf etdirilməsi nəzərdə tutulur.

Gürcüstanla münasibətlər çərçivəsində 2024-cü ilin yanvarında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin həyata keçirilməsi planlaşdırılır.

Ermənistan Aİ və ABŞ ilə strateji tərəfdaşlığı da genişləndirmək niyyətindədir. Aİ ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi, Avropa standartlarına uyğunlaşmanın davam etdirilməsi və viza liberallaşdırılması prosesinin tamamlanması proqramda əsas istiqamətlər kimi göstərilir.

ABŞ ilə əməkdaşlıq çərçivəsində isə ən azı dəmir yolu və enerji infrastrukturu sahəsində "TRIPP layihəsinin" həyata keçirilməsi, həmçinin 2025-ci ilin avqustunda iki ölkə hökuməti arasında imzalanmış memorandumlar əsasında əlaqələrin inkişaf etdirilməsi planlaşdırılır. Fransa ilə strateji tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına da xüsusi diqqət yetirilir.

Rusiya ilə münasibətlər

Proqramda regionda yeni sülh şəraitində Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın yenidən qurulması və dərinləşdirilməsindən bəhs olunur.

Avrasiya İqtisadi İttifaqı ilə bağlı isə kapitalın, malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti kimi fundamental prinsiplərin effektiv şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanır.

Ermənistan Çinlə strateji tərəfdaşlığın, Hindistanla tərəfdaşlığın gücləndirilməsini və Yaxın Şərq ölkələri ilə münasibətlərin inkişaf etdirilməsini də planlaşdırır.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026