• Bakı 12° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.7919

    RUB - 1.7

Peloni və Azərbaycan xalqının qəzəbi: ABŞ Konqresmeninin səmimi etirafını görsəydik...

SİYASƏT

18 Noyabr 2024 | 16:19

Peloni və Azərbaycan xalqının qəzəbi: ABŞ Konqresmeninin səmimi etirafını görsəydik...

“Bu məsələdə Azərbaycan xalqının kiməsə nifrətindən söhbət gedə bilməz. Çünki biz kin və nifrətlə uzunmüddətli düşmənçiliyi saxlayacaq bir etnos deyilik. Amma qəzəb var və bu da təbiidir”.

Bunu Bakıvaxtı.az-a politoloq Natiq Miri ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycana yönəlik həm ABŞ, həm Fransa kontekstində yanaşma ədalətli deyil:

"ABŞ və Fransada erməni lobbisi güclüdür və onların kriminal maliyyəsi ilə ABŞ Konqresinə, istər Senat, istər Nümayəndələr Palatasına təsir imkanları var. Fransada da eyni mənzərədir. Görünür, ermənilərin kriminal maliyyəsi ilə ABŞ və Fransada alınıb-satılmayan nə ABŞ, nə də Fransada siyasətçi var. Həmin ölkələrdə siyasətçilər rahatlıqla hər şey alınıb-satılır. Bu kontekstdə Azərbaycana yanaşma ədalətçli ola bilməz”.

Müsahibimiz vurğulayıb ki, Peloni Azərbaycanı tanımadığı halda uzun müddətdir ölkəmiz əleyhinə fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bunun arxasında erməni lobbisi dayanır:

“Onun kimilər erməni kriminal maliyyəsindən yemlənənlərdir. Bu cür siyasətçilər onlarladır. Azərbaycan əleyhinə istənilən fikri "həqiqət və legitim hadisə" kimi təqdim etmək istəyirlər. Bu, düşmənçiliyin bariz nümunəsidir”.

N.Miri qeyd edib ki, hansısa kriminal maliyyəni əldə etməkdən, yaxud parlamentə seçilməkdən ötrü 50 milyonluq bir xalqı aşağılamaq, uydurmalarla ittiham etmək, əlbəttə, Azərbaycan ictimaiyyətinin sərt qəzəbinə səbəb olacaq. Yalan ayaq tutar, ancaq yeriməz. Biz zaman-zaman bunun bariz nümunələrini, ədalətsizliyi görmüşük. Peloni ilə bağlı da nəticə fərqli olmayacaq. Ona görə Azərbaycan xalqının qəzəbini normal qarşılamaq lazımdır.

Natiq Miri: Peloni Azərbaycanı tanımadığı halda uzun müddətdir ölkəmiz əleyhinə fəaliyyət göstərir

Analitik vurğulayıb ki, Azərbaycan xalqının mənəvi-psixoloji məqamlarını, xalqın mentalitetini, mədəniyyətini bilməyən, Qarabağ haqqında anlayışı olmayan konqresmenlər xoşagəlməz bəyanatlar verirlər:

"Eyni zamanda Azərbaycana qarşı konkret iqtisadi sanksiyaların tətbiq olunmasını tələb edirlər. Qəzəb də buradan doğur. Həqiqətən Peloni ədalətli yanaşma tərzini ortaya qoymaq istəsəydi, Azərbaycanda səfərdə olarkən iddialarını yerindəcə araşdıra bilərdi. Buna imkan verilmişdi və onlara heç kim mane olmur. Buyurub Şuşaya, Qarabağa, işğaldan azad olunmuş ərazilərə, xarabalığa çevrilmiş yurdlarımıza səfər edə bilərdilər. Bununla da ermənilərin nə qədər vandal xalq olduğunu öz gözləri ilə görərdilər. Həqiqət carçıları bu cür davranmalıydı. Bunun tam əksini edənlərin, ölkəmizi absurd iddialarla suçlayanların, Azərbaycanın haqsız cəzalandırılmasını tələb edənlərin ölkə ictimaiyyətindən müsbət reaksiya gözləməsi əbəsdir. Əgər onların səmimi etirafını görsəydik, münasibət başqa cür olardı, çünki xalqımız bağışlamağı çox gözəl bacarır".

Qeyd edək ki, ABŞ konqresmeni Frank Peloni Azərbaycanı tərk edib. Amerika Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder bildirib ki, ABŞ konqresmeni Frank Peloni artıq Azərbaycanda deyil.

Onu da bildirək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuş, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilmişdi. Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu. Əslində Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb. Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, otelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb.

Ona ABŞ-ın qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu oteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.

Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib.

Xatırladaq ki, Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Noyabr 2024