Adətən Bakı, Abşeron və Sumqayıt şəhərlərində pensiyalar digər bölgələrə nisbətən daha tez ödənilir.
Digər şəhər və rayonlarda isə pensiyaların gecikməsi müşahidə olunur. Bu fərq əsasən maliyyə resurslarının bölgələr üzrə mərkəzləşdirilmiş paylanması, bank və poçt şöbələrinin texniki imkanları, logistika məsələləri və regional idarəetmə prosedurlarının müxtəlifliyi ilə bağlıdır.
Eyni zamanda, bölgələrdə pensiyaçıların sayının çoxluğu, məcburi sənəd yoxlamalarının əlavə vaxt tələb etməsi və əraziyə çatdırma xərcləri də ödənişlərin gecikməsinə səbəb olur.
Digər bölgələrdə pensiyaların gec verilməsi nəylə bağlıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Bayramov deyib ki, parlament pensiyaların eyni vaxtda və yaxud yaxın günlərdə verilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb:
"Məqsədimiz ölkə üzrə bütün bölgələrdə pensiya ödənişlərinin daha ardıcıl və vahid prinsiplər əsasında həyata keçirilməsini təmin etməkdir. Hazırda bəzi hallarda pensiyaların verilməsində 1-2 günlük gecikmələr müşahidə oluna bilər; bu, texniki və inzibati səbəblərlə bağlıdır. Lakin bu gecikmələr minimuma endirilə və daha sistemli yanaşma tətbiq oluna bilər".

Vüqar Bayramov: Pensiyaların eyni və yaxın günlərdə ödənilməsi vətəndaşların sosial rifahına birbaşa töhfə verəcək
Onun sözlərinə görə, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı pensiyaların həm paytaxtda, həm də regionlarda eyni vaxtda verilməsini mümkün edə bilər:
"Elektron sistemlərin təkmilləşdirilməsi və optimallaşdırılması bu prosesi sürətləndirəcək, həm vətəndaşlar üçün rahatlığı artıracaq, həm də dövlət qurumlarının işini daha şəffaf və effektiv edəcək".
Həmsöhbətimiz qeyd edib ki, belə bir yanaşma, həmçinin sosial sığorta sistemində ardıcıllığı təmin etməklə pensiya alanların planlaşdırılmış büdcələrini qoruyacaq, maliyyə axınında stabilliyi artıracaq:
"Pensiyaların eyni və yaxın günlərdə ödənilməsi vətəndaşların sosial rifahına birbaşa töhfə verəcək və ölkə üzrə sosial siyasətin effektivliyini yüksəldəcək".
Əli Hüseynov
Bakı 




