• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Pezeşkianın Azərbaycana səfəri: Gözləntilər və reallıqlar

SİYASƏT

28 Aprel 2025 | 10:55

Pezeşkianın Azərbaycana səfəri: Gözləntilər və reallıqlar

Son illər Azərbaycan-İran münasibətləri müxtəlif dövrlərdə dəyişkən dinamika nümayiş etdirib. Regionda baş verən geosiyasi proseslər, xüsusilə də Cənubi Qafqazda yeni reallıqlar fonunda iki ölkə arasında əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyi ciddi maraq doğurur.

İran İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri məhz belə bir həssas mərhələdə baş tutur. Səfərin vaxtı və gündəliyi göstərir ki, Bakı və Tehran arasında qarşılıqlı anlaşma üçün yeni cəhdlər edilir. Lakin Pezeşkianın AzTV-yə verdiyi müsahibə böyük dəyişikliklərə ümidlərin ehtiyatla qarşılanmasına səbəb olub.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqə qrupunun üzvü Hikmət Babaoğlu bildirib ki, səfərin özü əvvəlcədən gözlənilən bir hadisə idi və regional dinamika baxımından mühüm əhəmiyyət daşıyır:

"Son dövrlərdə Azərbaycan-İran münasibətlərindəki gərginliklər, xüsusilə də Zəngəzur dəhlizi məsələsindəki fikir ayrılıqları fonunda bu səfər vacib bir diplomatik platforma kimi qiymətləndirilə bilər".

Deputatın fikrincə, Pezeşkianın AzTV-yə müsahibəsi onun Azərbaycan siyasətinə yanaşmasının köhnə, ənənəvi tezislərlə davam edəcəyini göstərdi:

"O, Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini vurğulasa da, əsas məsələlərdə - xüsusilə Zəngəzur dəhlizi və regional inteqrasiya ilə bağlı - yeni yanaşmalar sərgiləmədi. Bu isə yaxın perspektivdə Azərbaycan-İran münasibətlərində köklü dəyişikliklərin baş verəcəyi ehtimalını zəiflədir".

Hikmər Babaoğlu: Səfər qarşılıqlı inamın bərpası istiqamətində bir mərhələ olacaq

Həmsöhbətimizə görə, səfərin əsas məqsədi bütün qaranlıq qalan məsələlərin müzakirəsi və müəyyən razılaşmaların əldə olunmasıdır. Xüsusilə aqressiv ritorikanın azaldılması və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi gündəlikdə duran əsas mövzulardandır:

"Lakin aydındır ki, hər iki tərəfin ehtiyatlı davranması və bəzi köklü problemlərin hələ də həll olunmamış qalması səfərdən böyük nəticələr gözləməyə imkan vermir".

H.Babaoğlu onu da diqqətə çatdırıb ki, diplomatik dialoqun davam etməsi özü-özlüyündə müsbət bir addımdır. Ümid etmək olar ki, bu görüş qarşılıqlı inamın bərpası istiqamətində bir mərhələ olacaq və gələcəkdə daha real nəticələr doğuracaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR