Avropa İttifaqı (Aİ) humanitar yardım daşıyan azı 160 yük maşınının yaxın vaxtlarda Qəzza sektoruna daxil olacağını gözləyir. Yardımın bölgəyə səkkiz əlavə keçid məntəqəsi vasitəsilə çatdırılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, “Politico” nəşri bu barədə Aİ-nin adı açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, humanitar yardımın bölgəyə girişinə Avropa İttifaqının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Kristof Biqo, BMT nümayəndələri və İsrail tərəfindən nəzarət ediləcək. Aİ diplomatları bu prosesə birbaşa beynəlxalq nəzarəti “əsas məqam” kimi dəyərləndirib.
Qeyd edək ki, bir müddət öncə “Politico” Qəzza sektorunda vəziyyətlə bağlı Avropa İttifaqının İsraillə imzalanmış Assosiasiya Sazişinin müvəqqəti dayandırılması imkanını nəzərdən keçirdiyini yazmışdı. Nəşrin məlumatına əsasən, iyulun 15-də Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri məsələ ilə bağlı mümkün tədbirləri müzakirə edəcəklər.