Birləşmiş Millətlər Təşkilatı rəsmisinin İsrailin Qərb Sahilində həyata keçirdiyi addımları “faktiki ilhaq” kimi qiymətləndirməsi bölgədə onsuz da gərgin olan vəziyyəti yenidən beynəlxalq gündəmin mərkəzinə çıxarıb. Açıqlamada beynəlxalq hüququn pozulduğu vurğulanıb və bunun sülh prosesinə mənfi təsir göstərə biləcəyi qeyd olunub.
BMT-nin sərt mövqeyi İsrailin siyasətinə real təsir göstərəcək, yoxsa beynəlxalq sistem yenə də situasiyanı müşahidə etməklə kifayətlənəcək?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, İsrail beynəlxalq hüququ pozur və BMT-nin müvafiq qətnamələrinə məhəl qoymur. Bu müasir dünya üçün pis nümunədir və digərlərinin də analoji addımlarına zəmin yaradır. Faktiki olaraq Fələstin ölkəsini tədricən işğal edərək buna müxtəlif don geydirən İsrail beynəlxalq hüququ pozmaqla kütləvi insan tələfatına səbəb olur və bu indi olmasa da gələcək onilliklərdə genosid kimi, vaxtilə yəhudilərin özlərinə qarşı törədilmiş soyqırımı aktı kimi qiymətləndirilə bilər:

Tural İrfan: Türkiyəyə qarşı təhdid reallaşarsa heç şübhəsiz, dünya müharibəsi qaçılmaz olacaq
"Təbii ki, onilliklər ərzində yüz minlərlə insan bu problemə görə həlak olub. İsrailin hazırda Qərb Sahilində həyata keçirdiyi addımlar BMT-nin rəsmisinin dediyi kimi faktiki ilhaqdır ki, bu da beynəlxalq hüquqa tamamilə əksdir. Bu kimi addımlar bölgədə narahatlığı artırır və müharibə vəziyyətini aktuallaşdırır. Müharibə vəziyyəti tamamilə İsrailin siyasətinə uyğundur. Çünki sülh şəraitində o qonşu ölkələrin ərazilərini tutmağa, əhalisini məhv etməyə bəhanə tapa bilmir. Lakin təxribatlar, bəzi radikal təşkilatların fəaliyyətinə məqsədli şəkildə şərait yaratmaq, torpaqları ilhaq edərək qarşı tərəfi təhrik etmək İsrail üçün əlverişlidir".
Politoloqun sözlərinə görə, bu səbəbdən onun üçün sülh və ya atəşkəs formal xarakter daşıyır və manipulyasiyadan başqa bir şey deyil. "Vəd edilmiş torpaqlar", "Böyük İsrail" platorması üzərindən hərəkət edən bu dövlət hətta nəinki qonşu ərəb ölkələrinin, Türkiyənin də ərazilərinə iddia edir. BMT-nin bu mövqeyi heç nəyi dəyişmir. Çünki İsrail və ABŞ artıq beynəlxalq hüququ çoxdan dəfn ediblər. Beynəlxalq təşkilatların mövqeyi sadəcə tövsiyyə xarakteri daşıyır və heç bir təsirə malik olmur. Beynəlxalq hüquqi yalnız bu və bu kimi ölkələrə lazım olanda işə yarayır:
"Necə ki, vaxtilə Əfqanıstan və İraqı işğal etmək üçün beynəlxalq təşkilatların mövqeyinə də təsir edərək istifadə etmişdilər. Hazırda beynəlxalq təşkilatlar yalnız situasiyanı müşahidə etməklə kifayətlənir. Ara - sıra belə sərt götürən ritorika ilə müəyyən açıqlamalar verirlər ki, öz nüfuzlarını müəyyən qədər qoruya bilsinlər. Lakin əslində beynəlxalq təşkilatlar böyük dövlətləri ortaq məxrəcə gətirib İsrailin siyasətini dəyişməsinə nail olmaq üçün hərəkətə keçirməlidir. Fələstin dövlətinin yaranması aktuallığını saxlamalı və buna nail olunmalıdır. Əks halda hazırki proseslər qarşıda durumu daha da ağırlaşdıracaq. Faktiki olaraq hazırda İsrail tərəfindən Fələstinin tamamilə işğalı prosesi gedir. Bu o deməkdir ki, qarşıda Livanın, Suriyanın, daha sonra İordaniya və Misirin bir hissəsinin işğalı da var. Çünki İsrailin heç də gizlətmədiyi plana əsasən bütün bu ərazilər, hətta Türkiyənin də bir hissəsi daxil olmaqla "Böyük İsrail" in tərkib hissəsidir və bunu da İbrahim peyğəmbər onlara vəd edib".
Müsahibimizin fikrincə, bu ideologiyadan əl çəkilməsə, Yaxın Şərqdə əsla qan, savaş dayanmayacaq. Əksinə daha da gərginləşərək geniş əhatəli şəkildə davam edəcək. Sözü gedən sülh məsələsi üçün ayrılan zaman dilimi yeni planlar üçün zəmin yaratmaq xarakteri daşıyırdı. İran problemini aradan qaldırıb sonda Türkiyəni hədəf seçəcəklər və regionu daha geniş masştlabda müharibəyə sövq edəcəklər. İsrailin hazırda real hədəfi Türkiyədir:
"Çünki onun geniş ayaq açaraq qonşu müsəlman ölkələrini tədricən ilhaq etməsinə ən ciddi maneələrdən biri məhz Türkiyədir. Hazırda bölgənin vəziyyətini İrana müdaxiləsinin olub olmaması tənzimləyəcək. İranla danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, İsrail Fələstini tamamilə ilhaq edərkən müdaxilə etməsin. Eyni təhlükəni Türkiyədən hiss edirlər və ona görə də növbəti hədəf kimi bu ölkəni göstərirlər. İran bu gün dünya üçün hansı təhlükəni yaradırsa İsrail də eyni təhdidi yaradır və bu iki dövlət bir-birinə daha radikal addımlar atmaq üçün zəmin yaradırlar".
T.İrfanın sözlərinə görə, bu gün İrandan tələb olublar eynilə İsraildən də tələb olunsa balans tənzimlənə və gərginlik azala bilər. İrandan nüvə istehsalına son qoyaraq uzaqmənzilli raketlərdən imtina şərtini irəli sürüb proksiləri tərk etmək tələb olunarkən İsrailin daha da ağır silahlara sahib olmasına dəstək vermək əsla regionda sabitliyin təmin olunmasına imkan verməz. Təcavüz davam edərsə gərginlik artacaq və Türkiyəyə qarşı təhdid reallaşarsa heç şübhəsiz, dünya müharibəsi qaçılmaz olacaq.
Zeynəb Rzayeva
Bakı 




