Xəbər verdiyimiz kimi, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Baş Prokurorluq açıqlayıb ki, helikopter qəzası ilə bağlı İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Lakin hadisədən xeyli vaxt keçməsinə baxmayaraq daha detallı məlumatların verilməməsi bəzi suallar yaradır. Xüsusilə, Aşqabadda və Soçidə Azərbaycan üçün əldə olunan uğurlu nəticələrdən dərhal sonra belə hadisənin baş verməsi də düşündürücüdür.
Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a hadisədə heç bir şübhəli məqamın olmadığını bildirib:
“Bu, texniki qəzadır və şübhəli məqam yoxdur. Hər halda Dövlət Sərhəd Qoşunlarının komandanı dedi ki, hansısa kənar təsirlərin müdaxiləsi istisna olunur. İndi aidiyyatı olan qurumlar məsələni araşdırır. Bu, birinci qəza deyil. Uçuş zamanı təyyarə və ya helikopterlər qəza şəklində yerə düşə bilir. Bütün dünyada bu cür qəzalar baş verir, o cümlədən, Azərbaycanda da. Bizə şəhidlərimizə “Allah rəhmət eləsin” demək düşür”.
“Qəzanın baş verməsində müxtəlif səbəblər ola bilər. Əvvəla, insan faktoru var. İkincisi isə, mexanizm hansısa bir anda sıradan çıxa bilər. Yəni qəzaya nəyin səbəb olduğunu konkret demək olmaz, dediklərimiz təxminlər və fərziyələrdir. Aidiyyatı qurumlar nəticəni deyəcəklər. Bu hadisədə hansısa siyasi şübhəli məqam görmürəm” – deyə, Z.Əlizadə bildirib.
Nuranə Daxilqızı