Polşa Ukrayna ilə həmsərhəd olan ölkənin şərq hissəsində hava hərəkətinə üç aylıq məhdudiyyət tətbiq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Məhdudiyyətlər sentyabrın 10-dan dekabrın 9-dək qüvvədə olacaq. Xüsusi zona yer səthindən təxminən üç kilometr yüksəkliyədək olan hava məkanını əhatə edəcək.
Məhdudiyyət yüksək hündürlükdə uçan sərnişin təyyarələrinə şamil olunmayacaq.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, tədbirin məqsədi ölkənin hava hücumundan müdafiə sisteminin daha effektiv fəaliyyətini təmin etməkdir.
“Polşanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi Polşa Respublikası Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının əsas prioritetlərindən biridir. Tətbiq olunan tədbirlər hava hücumundan müdafiə sisteminin bütün elementlərinə lazımi fəaliyyət azadlığı verməli və potensial təhdidlərə effektiv cavab vermək imkanını təmin etməlidir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, eyni zamanda məhdudiyyətlərin mülki aviasiyaya və hava məkanının digər istifadəçilərinə təsirinin minimuma endirilməsi nəzərdə tutulur.




