• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pomidor istehsalçıları və ixracatçıları çox çətin durumda-AÇIQLAMA

GÜNDƏM

13 Iyul 2021 | 16:50

Pomidor istehsalçıları və ixracatçıları çox çətin durumda-AÇIQLAMA

Azərbaycanın pomidor istehsalçılarının başı dərddədir. 

KİV-ə açıqlama verən bir qrup fermerlər banklara və “Azəriqaz” İstehsalat Birliyinə borclu olduğunu bildirərək məhsulu satmaqda problemlə üzləşdiklərini deyiblər. Nəticədə onlara külli miqdarda ziyan dəyib.

Azərbaycan bazarlarında məhsulu maya dəyərindən aşağı qiymətə satdığını qeyd edən fermerlər məhsulun Rusiya bazarlarına çıxarılmasında da problemlə üzləşdiklərini deyirlər. Rusiya bazarına çıxış icazəsi olan şirkətlər isə fermerlərdən 6 kiloluq pomidor yeşiyinin hər biri üçün 5 dollar tələb edirlər.

İqtisadçı alim Nazim Bəydəmirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hökumət bu sahədə problemi həll etmək üçün öncə məmur sahibkarlığını və monopoliyanı ləğv etməlidir.  

“Azərbaycan ixrac potensialını şaxələndirmək amacı güdərək aqrar sektora bir çox yatırımlar edib. “Aqrolizinq” ASC və digər inistitutlar vasitəsilə zamanında istixanaların qurulmasına, tərəvəz  və meyvə istehsalına Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kifayət qədər vəsaitlər ayrılıb.  Düzdür, ayrılan həmin vəsaitlərin böyük hissəsi böyük sahibkarlara getsə də, bundan real sahibkarlar da yararlanıb.

Real sahibkarlar ənənəvi olaraq xarici bazara, Rusiya bazarına yönəliblər. Azərbaycan hökuməti Avropa Birliyi ilə “Azad ticarət zonasının yaradılması haqqında Sazişi” imzalamayıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirak etmiş 6 ölkədən Belarus və Azərbaycan belə bir sazişi imzalamayıb. Moldova, Ukrayna, Gürcüstan və Ermənistan bu sazişi imzalayıb. Odur ki, bu ölkələrin istehsalçılarının və ixracatçılarının heç bir problemi yoxdur. Onlar məhsullarını daha stabil və böyük Avropa bazarlarına çıxarırlar. Təsəvvür edin ki, 600 milyon əhalisi olan və dünya iqtisadiyyatının təqribən 20 faizi bu ölkələrin payına düşür. Bu ölkələrlə əlaqə yaradıb, marşrutların difersifikasiyası olunmalı və sahibkarların bu bazarlara çıxışını stimullaşdırılmalıdır.

Onu da qeyd edim ki, il ərzində tərəvəz məhsullarından Azərbaycan ixracatının həcmi ən yaxşı halda 200 milyon dolları ötmür. Bölgə ölkələrilə müqayisədə bizim fəaliyyətimizin səviyyəsi aşağıdır”,-deyə N.Bəydəmirli bildirib.

İqtisadçı alim qeyd edib ki, nə qədər qəribə olsa da, Rusiya müxtəlif vaxtlarda “ticarət müharibələri”ndən Azərbaycana və Türkiyəyə qarşı istifadə edib: “Rusiya iqtisadi və bazar imkanlarından digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edib. Eyni məqsədlə Avropa ölkələrinə qarşı təbii qazın satışında istifadə edir. Eləcə də, bizim ölkəyə qarşı “pomidor müharibəsi”ndən istifadə edir. Müxtəlif məhdudiyyətlər gətirərək bizim sahibkarları ziyana salır.

Vurğulayım ki, bu məsələdə gömrük siyasəti və məmur sahibkarlığı önə çıxır. Rusiya bazarlarına icazələrin alınması, eləcə də pomidor ixracı ilə bağlı bəzi şirkətlərə icazələrin verilməsi ixrac sahəsində də monopoliyanın olduğunun sübutudur.

Hökumət bu sahədə problemi həll etmək üçün öncə məmur sahibkarlığını və monopoliyanı ləğv etməlidir. İqtisadi inteqrasiyaya mane olan və daxili bazarda qiymətləri bahalaşdıran, bəyannamə qiymətini artıran gömrük orqanlarında ciddi islahat aparılmalıdır. Dövlət Gömrük Komitəsi ləğv edilib, Dövlət Gömrük Xidməti yaradılmalıdır və onlar Dövlət Vergilər Xidməti ilə birlikdə fəaliyyət göstərməlidir. Qonşumuz Gürcüstandan ABŞ-a qədər bütün ölkələrdə bu xidmətlər birlikdə fəaliyyət göstərirlər. İqtisadi siyasətin vahid mərkəzdən idarə edilməsinə, o cümlədən normal statistikanın aparılmasına  və ölkənin prioritetlərinin müəyyən olunmasına şərait yaradır. Problemin səbəbləri aydındır. Səbəbləri aradan qaldırmadan nəticə dəyişməyəcək”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026