“Hazırkı geosiyasi şəraitdə, dünya reallığında türk dünyası yeni çoxqütblü dünyanın güc mərkəzlərindən biri olmaq istiqamətində addımlayır, gündən-günə inteqrasiya və birliyini möhkəmləndirir”.
Bunu Bakıvaxtı.az-a Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu Azərbaycan prezidenti İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir!" bəyanatını dəyərləndirərkən deyib. O qeyd edib ki, burada Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi zəfərin yaratmış olduğu ruh yüksəkliyi də çox önəmlidir:
“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, “Şuşa Bəyannaməsi”nin imzalanması, ölkəmizin hər hansı blok və qütblə geosiyasi qarşıdurmaya getmədən öz milli və təhlükəsizlik maraqlarını rəhbər tutan siyasət icra etməsi çox önəmlidir. Hər hansı güc mərkəzinin tərəfində yer almadan milli maraqlar tələb etdiyində Avropa, Amerika, Rusiya və Çinlə də əməkdaşlıq edirik. Bu çox önəmli xarici siyasət xəttidir. Azərbaycan burada bir model olaraq da ön plana çıxır.
Telman Nüsrətoğlu: Türk dünyası dünyanın güc mərkəzi ola biləcək bir mərkəzdir
Azərbaycan təkcə Qarabağ zəfəri ilə deyil, diplomatik zəkası ilə, bu dövr ərzində aparmış olduğu xarici siyasət kursu ilə fərqlənir”.
T.Nüsrətoğlu diqqətə çatdırıb ki, türk dövlətlərin birliyində Türkiyənin də ciddi rolu var:
“Türkiyə həm yüksələn hərbi müdafiə sənayesi, həm də böyük demoqrafiya və iqtisadiyyata sahib olan ölkə olaraq, gündən-günə güclənir. Beynəlxalq arenada qlobal güc kimi ortaya çıxır və bu da türk dövlətlərinin birliyinə ayrı bir güc qatır, ilham verir. Cənab prezidentin "Türk dünyası bizim ailəmizdir!" fikri əslində bir strateji hədəf və üfüq göstərmək baxımından türk dünyası üçün mühümdür. Biz ortaq tarix, müştərək dəyərlər, dil üzərində qurulan birliyik. Tarixin müəyən dönəmində imperializm “Parçala, hökm et!” siyasəti çərçivəsində bizi bir-birimizdən ayrı salmağa çalışsa da, artıq sürətlə bir-biri ilə yaxınlaşan, qucaqlaşan türk dünyası var”.
Professor onu da əlavə edib ki, türk dünyasının sərhədləri sadəcə müstəqil türk dövlətləri ilə məhdudlaşmır: “Türk dünyasının sərhədləri daha böyük coğrafilayalarda, istər İran, istər Rusiya, istər Yaxış Şərq ölkləri və başqa ərazilərdə türk xalqları yaşamaqdadır. Onların bəzilərinin dövlətləri içərisində müstəqil subyektləri, cümhuriyyətləri də var. Bu da ayrı bir güc anlamına gəlir. Türk dünyası ilə tarixən birlikdə olan Pakistan kimi ölkələri də daxil etmək çox mühümdür. Türk dünyası ərazi, demoqrafiya, iqtisadi, siyasi və hərbi qüdrət baxımından dünyanın güc mərkəzi ola biləcək bir mərkəzdir. Azərbaycan da burada mədəni, siyasi anlamda Türkistanla Anadolunu birləşdirən bir körpüdür. Azərbaycan mərkəzli türk dünyası konsepsiyasının daha ciddi şəkildə işlənməsi gərəkir”.
Aydın Baxış