• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Prezident  müraciət ünvanladı

SİYASƏT

15 Sentyabr 2023 | 15:13

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi-qəlbdən salamlayıram.

Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.

Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdir. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdir. Eyni zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoymuş, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırmışdır.

Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin, milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Hörmətli konfrans iştirakçıları!

Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcəkdir.

Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

***

 

Prezident İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Hörmətli tədbir iştirakçıları!

Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.

Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.

Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.

2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.

Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.

Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.

Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026