• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Prezident Özbəkistan Senatının sədrini qəbul edib - YENİLƏNİB

SİYASƏT

30 Iyun 2022 | 15:36

Prezident Özbəkistan Senatının sədrini qəbul edib - YENİLƏNİB

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Tənzilə Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyeva çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, səfərin çox məzmunlu olduğunu qeyd edib. Səfər zamanı razılaşdırıldığı kimi, aidiyyəti dövlət qurumlarına tapşırıqların verildiyini, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bu məsələlərin müntəzəm olaraq nəzarətdə saxlanılacağını deyib. Dövlət başçısı səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirdiyini bildirib.

Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb, hazırda Hərəkatın təsisatlanması istiqamətində Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib.

Tənzilə Narbayeva Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin Prezident Şavkat Mirziyoyevə və Özbəkistan xalqına dərin təəssürat hissi bağışladığını xüsusi olaraq vurğulayıb. Bu səfərin nəticəsi olaraq Özbəkistan rəhbərliyi tərəfindən müvafiq qurumlara göstərişlərin verildiyini bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edən Tənzilə Narbayeva Ulu Öndərin Özbəkistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini deyib.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edən Özbəkistan Senatının sədri ölkəmizə səfəri çərçivəsində Şuşaya gedəcəklərini vurğulayıb. Qonaq bu gün Azərbaycanın dünyada siyasi, iqtisadi və humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.

Tənzilə Narbayeva Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının müvəffəqiyyətlə keçirildiyini deyərək bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. O, bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsün müəllifinin məhz Prezident İlham Əliyev olduğunu xüsusi vurğulayıb, Azərbaycanın çox səmərəli şəkildə Hərəkata sədrlik etdiyini söyləyib.

Söhbət zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub. Parlamentlərin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verəcəyi xüsusi vurğulanıb.

Qonaq ölkəmizə hər səfərlərində Bakıda böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.

*** 12:49

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

18 Mart 2024