• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Priqojin həm də manipulyasiya ustasıdır: Onun Lukaşenko ilə razılaşması…

SİYASƏT

25 Iyun 2023 | 16:58 | Müəllif: Qalib İbrahimoğlu

Priqojin həm də manipulyasiya ustasıdır: Onun Lukaşenko ilə razılaşması…

"Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb. Ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib".

Bu sözləri Bakıvaxtı.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun fikrincə, əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır:

"Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yola gətirə bilmədilər. Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib”.

Müsahibimizə görə, ancaq bu, hələ flimin sonu deyil, açıq qalan suallar var: “Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq? "Vaqner" muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı? “Vaqner” müqavilə imzalamazsa, tərksilah olunacaqmı və bu necə həyata keçiriləcək? Priqojin başının dəstəsi ilə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?"

Ekspertin fikrincə, Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı həm də manipulyasiya ustasıdır:

"Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət trol ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-da prezident seçkisində Donald Trampın Hillari Klinton üzərində qələbə çalması üçün var gücləriylə çalışmışdılar. Yəni bu cür trol ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnənin sonu, tamaşanın isə davam etməsi ola bilər".

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib və hərbi kolonlarını səhra düşərgələrinə geri qaytarıb. Kreml sözçüsü Dmitri Peskov “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqları niyə Lukaşenkonun aparmasına aydınlıq gətirib. Peskov bu məsələdə Lukaşenkonun özünün maraqlı olduğunu bildirib: "Belarus prezidenti Aleksandr Lukaşenko özü təklif edib ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparan şəxs olsun. Çünki o, Priqojini 20 ilə yaxındır tanıyır. Bu, onun şəxsi təşəbbüsü idi və Prezident Putinlə razılaşdırılıb. Kreml bu təşəbbüsü yüksək qiymətləndirib”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026