Ötən il Azərbaycanın prokurorluq orqanları bütün fəaliyyət istiqamətləri üzrə yüksək peşəkarlıq və səmərəlilik nümayiş etdirib. Təbii ki, xidməti fəaliyyətdə olan müəyyən boşluqların aradan qaldırılması qaçılmaz, bəzi məqamların isə təkmilləşdirilməsi vacibdir, lakin bugünkü əsas məqsədimiz geridə qoyduğumuz ildə əldə olunan nailiyyətləri diqqətə çatdırmaqdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.
Baş prokuror qeyd edib ki, Ermənistan vətəndaşları tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri və digər xüsusilə ağır cinayətlərin ibtidai istintaqında və məhkəmə proseslərində prokurorluq əməkdaşları uğurla iştirak ediblər: “Bu nəticələrin arxasında prokurorluq işçilərinin aylarla davam edən gərgin əməyi, prinsipiallığı və peşəkar fəaliyyəti dayanır. Cinayət işlərinin hərtərəfli və obyektiv araşdırılması, təkzibolunmaz sübutlar bazasının toplanması üçün hər bir əməkdaş böyük əzm göstərib. Xüsusilə vurğulanmalıdır ki, bütün bu nailiyyətlər, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq çıxarılan ədalətli hökmlər və şəffaf məhkəmə prosesləri, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı hüquqi islahatların və qətiyyətli siyasi iradənin məntiqi nəticəsidir. Dövlətimizin başçısının prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğı, hüquq-mühafizə sistemində qanunun aliliyinin təmin olunması istiqamətində müəyyən etdiyi strateji kurs bu gün ədalətin tam bərqərar olunmasına şərait yaradıb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış güclü dövlət institutu sayəsində prokurorluq orqanları milli maraqlarımızın qorunması və cinayətkarlığa qarşı mübarizədə öz missiyasını şərəflə yerinə yetirir”.
Ətraflı
Bakı 




