• Bakı 16° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Pulsuz vəkillik mümkündürmü? - Hüquqşünas aydınlıq gətirir

CƏMİYYƏT

23 Aprel 2025 | 16:32

Pulsuz vəkillik mümkündürmü? - Hüquqşünas aydınlıq gətirir

Hüquqi problemlə qarşılaşmaq hər kəsin başına gələ bilər. Amma belə vəziyyətlərdə vəkil tutmaq maddi imkanı olmayan insanlar üçün ciddi çətinlik yaradır. Bu zaman çoxları çıxılmaz vəziyyətdə olduğunu düşünür. Əslində isə qanunla hər bir vətəndaşın hüquqi müdafiə almaq hüququ var — bu hüquq yalnız imkanlı şəxslər üçün nəzərdə tutulmayıb.

Bəs vəkil tutmağa pulu olmayanlar nə etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycanda dövlət tərəfindən pulsuz hüquqi yardım sistemi mövcuddur. 2018-ci ildən etibarən “Hüquqi yardım haqqında” Qanuna əsasən, vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilir:

"Bu yardım iki formada həyata keçirilir, birincisi ibtidai hüquqi yardım – yəni hüquqi məlumatların verilməsi, ərizə və şikayətlərin yazılması; ikincisi isə ixtisaslaşdırılmış hüquqi yardım – yəni vəkilin birbaşa iştirakı ilə göstərilən yardım, xüsusilə də məhkəmə proseslərində. Maddi imkanları zəif olan şəxslər, əlillər, azyaşlılar, sosial müavinət alanlar, qaçqın və məcburi köçkünlər, habelə cinayət işləri üzrə təqsirləndirilən şəxslər dövlət tərəfindən təmin olunan pulsuz hüquqi yardıma müraciət edə bilər. Bu məqsədlə Ədliyyə Nazirliyinin Hüquqi Yardım Xidməti Mərkəzinə və Vəkillər Kollegiyasına müraciət olunmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda hüquq təhsili verən müəssissələrdə hüquq klinikalarının açılması da zəruridir. Ayxan Məmmədli hesab edir ki, bu model inkişaf etmiş ölkələrdə geniş yayılıb və Azərbaycanda da tətbiqi hüquqi savadlılığın artırılmasında mühüm rol oynaya bilər. Qeyri-hökumət təşkilatları da hüquqi yardım sahəsində fəal fəaliyyət göstərirlər. İnsan hüquqları, məişət zorakılığı, gender bərabərliyi və digər sosial sahələr üzrə ixtisaslaşmış QHT-lər ehtiyacı olan şəxslərə pulsuz hüquqi dəstək verir.

Ayxan Məmmədli: Əgər çarəsiz hiss edirsinizsə, unutmayın ki, siz tək deyilsiniz, hüququnuz var və onu qorumaq mümkündür

"Texnologiyanın inkişafı ilə hüquqi məsləhət almaq daha da asanlaşıb. Bir çox hüquqi platformalar, forumlar və sosial media qruplarında hüquqşünaslar sualları cavablandırır. Lakin burada diqqətli olmaq vacibdir – yalnız etibarlı və peşəkar mənbələrdən istifadə edilməlidir. Nəhayət, cinayət işlərində təqsirləndirilən şəxsin vəkili yoxdursa və o, vəkil tutmağa imkanı olmadığını bildirirsə, dövlət tərəfindən ona müdafiəçi təyin olunur. Bu, hüquq sisteminin əsas prinsiplərindən biridir və istənilən vətəndaş üçün təmin olunur. Qısası, vəkil tutmağa pulu olmayanlar üçün alternativlər kifayət qədərdir. Əsas məsələ bu imkanlardan xəbərdar olmaq və düzgün addım atmaqdır. Hüquq hər kəs üçündür – bu, təkcə maddi imkanla ölçülən bir anlayış deyil. Əgər çarəsiz hiss edirsinizsə, unutmayın ki, siz tək deyilsiniz, hüququnuz var və onu qorumaq mümkündür",- deyə hüquqşünas bildirib.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, hüquqi maarifləndirmə işləri də gücləndirilməlidir. Onun sözlərinə görə, bir çox insan hüquqi yardım almaq hüququndan xəbərsizdir və bu səbəbdən də haqlarını qoruya bilmir.

“Bəzən insanlar hüquqi çarələrin olduğunu bilmədikləri üçün ya susurlar, ya da problemi fərdi şəkildə həll etməyə çalışırlar. Halbuki dövlətin və QHT-lərin təqdim etdiyi imkanlar var. Sadəcə bu barədə maarifləndirmə lazımdır. Hüquq savadlılığı cəmiyyətin ədalətə çıxış imkanlarını genişləndirən əsas amillərdəndir", – deyə Ayxan Məmmədli vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR