Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində gözlənilən görüşü regional siyasi dairələrin diqqət mərkəzindədir. Xüsusilə Rusiya liderinin Paşinyanı yenidən Baş nazir seçilməsi münasibətilə təbrik etməməsi fonunda baş tutacaq bu təmas, soyuqlaşan Moskva-İrəvan əlaqələrinin gələcək taleyi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Putin və Paşinyan arasında indiyə qədər dəfələrlə görüşlər keçirilsə də, bu danışıqlar ikitərəfli münasibətləri əvvəlki məcraya qaytarmağa yetərli olmayıb:

Elçin Xalidbəyli: Moskva və İrəvan arasında gərginlik bundan sonra da dərinləşməkdə davam edəcək
“Əvvəlki məcra dedikdə, Ermənistanın Rusiya üçün forpost və ya qeyri-rəsmi quberniya rolunu oynadığı mərhələ nəzərdə tutulur. Kremlin əsas istəyi də Ermənistanın onun nəzarətində və orbitində qalmasıdır. Lakin İrəvan artıq belə bir modellə razılaşmır. Ermənistanın əsas hədəfi Rusiyanın orbitindən qopub Qərbə yaxınlaşmaqdır. Ona görə də hər ötən gün iki ölkə arasındakı münasibətlər daha da qəlizləşir”.
Ekspert vurğulayıb ki, İrəvan Rusiyanın patronajlığı altında olan qurumlardan, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq kursunu davam etdirir:
“KTMT çərçivəsində Ermənistanın fəaliyyəti faktiki olaraq dondurulub və bərpa olunmayacaq həddə çatıb. Hətta ölkənin bu təşkilatdan qovulması mövzusu da müzakirə edilir və Paşinyan bundan məmnun olacağını gizlətmir. Liderlər istəsə belə, əlaqələri əvvəlki vəziyyətə qaytarmaq artıq mümkün deyil. Paşinyan qırmızı cizgiləri çoxdan keçib; Avropa Birliyinə inteqrasiya, ABŞ ilə strateji tərəfdaşlıq, Zəngəzur dəhlizinin idarəçiliyinin amerikalılara verilməsi və dəmir yolları şəbəkəsinin Rusiyanın nəzarətindən çıxarılması istiqamətində addımlar atılır. Hətta Ermənistandakı Rusiya hərbi bazalarının çıxarılması da gündəmə gələ bilər”.
E.Xalidbəylinin sözlərinə görə, Rusiya yalnız Sovet dövründəki kimi birbaşa təlimatlarla idarəetmə variantını təklif edir ki, bu da İrəvan üçün qəbulolunmazdır:
“Bütün bu problemlərin qısa bir görüşdə həll olunması imkansızdır. Moskva və İrəvan arasında gərginlik bundan sonra da dərinləşməkdə davam edəcək”.
Qeyd edək ki, avqustun 31-i Qırğız Respublikasının paytaxtı BişkekdəŞanxay Əməkdaşlıq Təşkilatının sammiti baş tutacaq.
Zeynəb Rzayeva




