"Gürcüstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir və hər iki ölkəni bir sıra regional və transmilli layihələr sıx şəkildə bağlayır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu deyib.
Ekspert bildirib ki, Gürcüstan Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarılmasında tranzit rol oynayır:
"Bakı-Tiflis-Ceyhun neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti və digər mühüm enerji, kommunikasiya və nəqliyyat xətləri məhz Gürcüstan üzərindən keçir. Tiflis və Bakı müxtəlif platformalarda da həmişə bir-birlərinə dəstək veriblər. Gürcüstanda 700 minə yaxın soydaşımızın yaşaması da əlaqələrin dərinləşməşinsində və inkişaf dinamikasında, həmçinin dostluq tellərinin möhkəm bağlanmasında mühüm faktordur”.
Əli Oruclu: Tiflis və Bakı müxtəlif platformalarda da həmişə bir-birlərinə dəstək veriblər
Müsahibimiz qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin əldə olunması üçün Bakı və Tiflis çoxvektorlu əlaqələrə malikdir və bir çox məsələlərdə maraqları üst-üstə düşür:
“Cənubi Qafqaz uğrunda böyük güclərin amansız rəqabəti və Rusiyanın müstəmləkə siyasətinin açıq müstəviyə keçdiyi, təcavüzkar davranışları Azərbaycan və Gürcüstanı ortaq mövqedən çıxış etməyə vadar edir. Eyni zamanda Qərbin Bakıya və Tiflisə haqsız və davamlı təzyiqləri bu dövlətlərin üzərinə əlavə məsuliyyət qoyur".
Aydın Baxış