• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Qafqazda xaos: "Gürcü arzusu", yoxsa "Qərb oyunpozanlığı"?

SİYASƏT

03 Fevral 2025 | 15:44

Qafqazda xaos: Gürcü arzusu, yoxsa Qərb oyunpozanlığı?

Cənubi Qafqaz siyasətinin hazırda gündəmi Gürcüstanda baş verən aksiyalardır.

Bakıvaxtı.az-ın məlumatına görə, bir qrup gürcü fəal paytaxt Tiflisə giriş-çıxışı məhdudlaşdırıb. Aksiyada müxalifət nümayəndələri də iştirak edib. Lakin bütün səylərə baxmayaraq, Gürcüstan polisi yeni parlament seçkiləri tələbi ilə keçirilən və minlərlə nümayişçinin iştirak etdiyi aksiyada Tiflisin kənarında magistral yolu bağladığı üçün bir neçə nümayişçini həbs edib. Qeyd edilib ki, onların arasında Tiflisin keçmiş meri Georgi Uqulava belə var.

Baş verən son aksiyalar ölkədə siyasi gərginliyin artdığını göstərir. Aksiyalar Cənubi Qafqazın ümumi siyasi mühitini də müəyyən dərəcədə sual altında qoyur.

Gürcüstandakı durum nəyin xəbərçisidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Gürcüstanda baş verənlər Qərb dairələrinin həyata keçirdiyi müdaxilələrin sübutudur:

"Qərbin imperialist dairələrinin Gürcüstanın daxili siyasətində rolunu göstərmək istəyi, əsasən, ölkənin demokratik inkişafını və öz suverenliyini dəstəkləmək adı altında həyata keçirilən müdaxilələrdən ibarət olur. Xüsusən ABŞ və Avropa İttifaqı Gürcüstanı Rusiya təsirindən uzaqlaşdırmaq və özünün iqtisadi və strateji maraqlarını təmin etmək məqsədilə ölkədəki siyasi proseslərə təsir göstərmək istəyir. Bu proses, bəzən, Gürcüstanda müxalifətə dəstək vermək, hökumətə təzyiq göstərmək və müxtəlif siyasi hərəkatları dəstəkləmək kimi hadisələrlə özünü büruzə verir".

Onun sözlərinə görə, aksiya keçirən şəxslər bu tədbirləri qanun çərçivəsində həyata keçirməyib, buna görə də insidentlər yaşanıb:

"Gürcüstanın xüsusi xidmət orqanlarının əməkdaşları təkid etmələrinə baxmayaraq, nümayişçilər fikirlərindən vaz keçməyib. Buna görə də insident yaşanıb. Bu cür qarşıdurmalar yalnız yerli səviyyədə deyil, həm də beynəlxalq aləmdə Gürcüstanın siyasi və hüquqi durumu ilə bağlı daha geniş müzakirələrə səbəb olur. Daxili və xarici təsirlərdən müstəqil qalmaq və öz suverenliyini təmin etmək üçün Gürcüstanın müvafiq orqanları, kütləvi etirazların potensial olaraq ölkənin təhlükəsizliyini təhdid edə biləcəyini göz önünə alaraq addımlar atır. Nümayişçilərin tələbləri nə qədər legitim olsa da, Gürcüstan hökumətinin və təhlükəsizlik qüvvələrinin məqsədi ölkə daxilindəki qaydaları və qanunları qorumaq, həmçinin hər hansı bir təhdidin qarşısını almaqdır".

Kazım Kazımov: İmperialist dairələr Gürcüstan siyasətinə müdaxilə etmək istəyir

Politoloq bildirib ki, hazırda Qərbin meydana gətirdiyi fondlar xaos yaratmağa çalışır. Lakin həm parlament seçkilərinin, o cümlədən, prezident seçkilərinin nəticələri Gürcüstan xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənir:

"Parlament və prezident seçkilərinin nəticələri Gürcüstan xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənir və bu, ölkənin demokratik sisteminə olan inamın göstəricisidir. Həmçinin, Gürcüstanın müstəqil və suveren bir dövlət olaraq seçdiyi yol, xalqın öz gələcəyini müəyyən etmə haqqını qorumağa yönəlikdir. xarici qüvvələrin, o cümlədən Qərbin müdaxilələri, bu xalqın suveren iradəsinə zidd olaraq, ölkənin daxili işlərinə qarışma cəhdi kimi qiymətləndirilə bilər. Gürcüstan xalqı seçki nəticələrini və öz siyasi iradələrini dəstəkləyərək, öz gələcəyini müəyyən etməyi hədəfləyir. Dövlətin vətəndaşlarının iradəsi ilə hərəkət etməsi, xarici təsirlərdən müstəqil qalmaq və öz milli maraqlarını qorumaq üçün vacib bir addımdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR