Yaxın Şərqdə son illərin ən mühüm siyasi hadisələrindən biri Fələstinin iki əsas siyasi gücü - HƏMAS və FƏTH hərəkatlarının Qahirədə baş tutan görüşüdür. Bu görüşdə tərəflər arasında milli birlik hökumətinin formalaşdırılması, Qəzzanın bərpası və gələcək parlament seçkiləri kimi məsələlər müzakirə olunur.
Misir vasitəçiliyi ilə aparılan danışıqlar, həmçinin ABŞ rəhbərliyinin yeni sülh planının ikinci mərhələsi ilə də əlaqələndirilir. Prosesin uğurlu nəticələnməsi Fələstin dövlətçiliyinin möhkəmlənməsi və beynəlxalq tanınmasının artması üçün həlledici addım ola bilər.
Bu görüşlərin regional və beynəlxalq təsirlərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş Fələstin siyasi sistemində illərlə davam edən parçalanmanın aradan qaldırılması baxımından mühüm addımdır. Qəzza və İordan çayının qərb sahili arasında siyasi əlaqələrin bərpası milli birliyin əsas şərtidir. HƏMAS və FƏTH uzun illərdir bir-birinə rəqib kimi yanaşır, bu isə Fələstinin müstəqil dövlət kimi möhkəmlənməsinə mane olur. Qahirə görüşü bu gərginliyi dialoq müstəvisinə keçirmək cəhdi kimi dəyərləndirilə bilər.
Müsahibimiz hesab edir ki, əgər tərəflər milli birlik hökuməti barədə razılığa gələrsə, bu, Fələstin üçün tarixi dönüş nöqtəsi olacaq. Əks halda, regionda mövcud siyasi xaosun dərinləşməsi qaçılmazdır.
Danışıqlarda Misirin vasitəçi kimi rolunun nə qədər uğurlu olacağına gəlincə, politoloq qeyd edib ki, Misir coğrafi və siyasi baxımdan Fələstin məsələsində ənənəvi vasitəçi mövqeyə malikdir. Qəzza zolağı ilə sərhəddə yerləşməsi ona həm təhlükəsizlik, həm də diplomatik cəhətdən təsir imkanları yaradır. Qahirə, eyni zamanda, Qəzzanın bərpasına həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırır, bu da onun təşəbbüskar rolunu gücləndirir. Misirin məqsədi yalnız vasitəçilik deyil, həm də regionda sabitlik mühitinin bərpasıdır:
“Əgər bu proses nəticə verərsə, Misir özünü yenidən Yaxın Şərq diplomatiyasının mərkəzi kimi təsdiqləyə bilər. Lakin tərəflər arasında etimad problemi həll edilməzsə, Qahirənin səyləri növbəti simvolik təşəbbüsdən o tərəfə keçməyəcək”.

Züriyə Qarayeva: Əgər tərəflər razılığa gələ bilməsə, Qəzza üzərindəki blokada davam edəcək
“ABŞ-ın sülh planının ikinci mərhələsi bu proseslərə necə təsir göstərə bilər” sualını cavablandıran müsahibimiz bildirib ki, Tramp Administrasiyasının Yaxın Şərqdə sülh təşəbbüsü Fələstin daxilində birgə mövqenin formalaşmasını tələb edir. ABŞ bu mərhələdə həm İsrail, həm də Fələstin tərəflərinin qarşılıqlı güzəştə getməsini gözləyir. Lakin Fələstində siyasi parçalanma davam etdiyi müddətdə, bu planın reallaşması çətin olacaq:
“Əgər HƏMAS və FƏTH vahid siyasi mövqedən çıxış etsələr, Qəzzanın bərpası və beynəlxalq maliyyə dəstəyi üçün yeni imkanlar yarana bilər. Bu, həm də Fələstinin diplomatik baxımdan İsrailə qarşı daha güclü mövqeyə sahib olmasına şərait yaradacaq. Əks halda, sülh təşəbbüsü reallığa çevrilmədən sadəcə siyasi niyyət bəyanatı kimi qalacaq”.
Politoloq hesab edir ki, əgər tərəflər razılığa gələ bilməsə, Qəzza üzərindəki blokada davam edəcək və humanitar böhran daha da dərinləşəcək. Bu vəziyyətdən isə ilk növbədə ekstremist qüvvələr və xarici aktorlar, xüsusilə İran və Qətər, öz təsir dairələrini genişləndirmək üçün istifadə edəcəklər.
Züriyə Qarayeva bildirib ki, regionda sabitliyin pozulması İsrailin sərt təhlükəsizlik siyasətini daha da gücləndirəcək. Bu isə sülh prosesinin tamamilə dayanmasına və yeni qarşıdurmaların yaranmasına gətirib çıxara bilər. Fələstin rəhbərliyinin qarşısında real seçim dayanır: ya birləşmək və dövlətçilik prosesini irəli aparmaq, ya da uzunmüddətli böhranı dərinləşdirmək. Uğurlu razılaşma təkcə Fələstinə deyil, bütün Yaxın Şərqə sabitlik gətirə biləcək yeganə çıxış yoludur.
Zülfü Məmmədov
Bakı 


