“Erməni icması ilə Xankəndidə görüşün keçirilməsi bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz vətəndaşlığımızı qəbul edəcək erməni əhali ilə dialoqa da, onların konstitusiya çərçivəsində haqlarının təmin olunmasına da hazırıq”.
Bunu politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a Azərbaycan Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıya dəvət etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, görüş çərçivəsində dialoq formatının fərqli yerlərdə davam etdirilməsi qərara alınıb. Politoloq deyib ki, Azərbaycan Prezident Administrasiyasının erməni icması ilə görüşün Bakıda keçirilməsi təklifi həm də strateji əhəmiyyətə malikdir:
“Çünki, separatçılar hər vəchlə özlərini Bakıya tərəf olaraq təqdim etməyə çalışırlar. Bakıda keçiriləcək görüş isə onların bu hədəflərinin üzərindən xətt çəkmiş olur. Elə buna görə də, separatçılar yenə də prosesə müdaxilə etdilər. Lakin bu addım da Bakının əlini gücləndirdi”.
Z.Qarayevanın sözlərinə görə, bu günə kimi separatçılara qarşı atılan addımlarımızı erməni əsilli əhaliyə qarşı siyasət kimi qiymətləndirən Qərb açıq şəkildə gördü ki, bizim mübarizəmiz bu dialoqu pozan separatçılardır:
“Bundan öncəki, Laçın yoluna paralel torpaq yolunda baş verən təxribat da göstərdi ki, biz separatçılara qarşı adekvat addımları mütləq atmalıyıq”.
Azərbaycan Ordusunun mövqelərinin fasilələrlə atəşə tutulmasına toxunan Z.Qarayeva deyib ki, ermənilərin son günlər təxribatları artırmalarının isə bir neçə səbəbi var:
“Əvvəla, sərhəddə təxribatlar hər zaman davam edib. Onlar bu yolla rus sülhməramlılarının mövqeyini zəiflətməyə, beynəlxalq güclərin varlığına ehtiyac olduğunu göstərməyə çalışırlar”.
Onun fikrincə, indi isə məhz Qarabağda yaşayan erməni icması ilə danışıqlar başlandığı vaxtda təxribatların artması danışıqlar predmetinə xələl gətirmək məqsədi daşıyır. Onun sözlərinə görə, məlumdur ki, Ermənistan tərəfi bu görüşü Bakı ilə separatçılar arasında keçirilən görüş kimi qələmə vermək istəyir. Silahsız ermənilərin Azərbaycanla dialoqa keçməsini qəbullanmaq istəmirlər:
“Üstəlik ən son Xəlfəli yolunda qarşıdurmanın yaşanması birbaşa Laçın-Xankəndi yolundakı etirazların nəticəsinə bağlı idi. Etirazların olması Laçın yolunda monitorinq imkanlarını artırdığı üçün separatçılar Xankəndiyə silah-sursat və digər qanunsuz ləvazimatları alternativ yoldan istifadə etməklə daşımağa çalışır. Əlbəttə ki, bu tərəfimizin diqqətindən yayınmır. Xüsusən Sarıbaba yüksəkliyinin nəzarətə götürülməsi həmin yola nəzarət imkanlarımızı da artırıb”.
“Bu təxribatı törətməklə ermənilər bir daha xislətlərini nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət şahid oldu ki, Laçın dəhlizində nəzarət postunun quraşdırılması həqiqi ehtiyacdır. Elə separatçıların təmizlənməsi də!”,– deyə Züriyə Qarayeva əlavə edib.
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Bu barədə Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur. Onu da bildirək ki, mart ayının 1-də də Azərbaycanı təmsil edən nümayəndələr Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək onların Azərbaycana "reinteqrasiyasını" müzakirə ediblər. Görüş Xocalı şəhərində "Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında" keçirilib. Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş, Milli Məclisin üzvü Ramin Məmmədov təmsil edib.
Ramid İbrahimov






jpg-1681480241.webp)




jpg-1681462727.webp)




