• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Qarabağ erməniləri sülh istəmirlərsə, getsinlər" - DEPUTAT 

CƏMİYYƏT

02 Oktyabr 2023 | 13:16

Qarabağ erməniləri sülh istəmirlərsə, getsinlər - DEPUTAT 

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Qarabağa gəlib.

BMT missiyasının Qarabağda mövcudluğunun dəqiq müddəti qeyri-müəyyən olaraq qalır. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Son günlərdə Ermənistan, ABŞ, Avropa İttifaqı, Almaniya və bəzi ölkələr Qarabağa beynəlxalq missiyanın göndərilməsi barədə Azərbaycana çağırışlar edib.

Birləşmiş Ştatlar və digər ölkələr mümkün insan hüquqları pozuntuları ilə bağlı narahatlıqlara görə Bakını beynəlxalq müşahidəçiləri Qarabağa buraxmağa çağırıb. Ermənistan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edir, lakin Bakı bunu qəti şəkildə rədd edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də sentyabrın 29-da Azərbaycanın BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət etdiyini bildirib.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Bu arada isə rəsmi Yerevan Qarabağdan artıq 100 min nəfərin Ermənistana keçdiyini bildirib.  Ermənistan "etnik ermənilərin Bakı tərəfindən hədəf alınması" iddiası ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini bildirib.

“Qarabağda yaşayan Azərbaycan vətəndaşlarına qarşı qeyri-qanuni fəaliyyət mümkün deyil. Etnik təmizlə aparılmır və aparılmayacaq. Bu vədlər dövlət səviyyəsində verilibdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının üzvü Rüfət Quliyev bildirib.

Rüfət Quliyev, deputat

O qeyd edib ki, erməniəsilli vətəndaşlar paytaxt Bakıda, həmçinin başqa şəhərlərimizdə və rayonlarımızda yaşayırlar: “Məlumatlara görə, hazırda 32 mindən çox erməni Azərbaycanda vətəndaşıdır. Onlara “gözün üstündə qaşın var” deyən olub?

Bəs, bizim torpaqlarımızda dövət quran ermənilər deyə bilərmi ki, Ermənistanda hazırda neçə nəfər azərbaycanlı yaşayır? Bu sualı beynəlxalq tədbirlərdə Ermənistan parlamentinin üzvlərinə də vermişəm. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Belə olan halda Azərbaycanı etnik təmizləmədə, nifrətdə, ayrı-seçkilikdə ittiham etmək mümkündürmü?

Biz tolerant xalqıq. Bizə qarşı dəfələrlə soyqırımlar törədən, ərazilərimizi işğal edən ermənilərə qarşı Azərbaycanda nə ediblər? Biz onlara öz vətəndaşımız kimi yanaşmışıq. Yetər ki, Azərbaycanın qanunlarını pozmasın”.

Deputat xatırladıb ki, BMT-nin missiyası 30 il öncə Qarabağa gəlib: “Onlar bu günə kimi niyə Qarabağa gəlməyiblər? Ermənilərin Qarabağda törətdikləri barbarlıq hadisələrini, Xocalı soyqırımını, insanların məcburi köçkün düşmələrini, onların əmlakının və tarixi yerlərin məhv edilməsinə niyə görmək istəməyiblər?

Qarabağda yaşayan ermənilər sülh istəmirlərsə, getsinlər. Yetər ki, səhər yuxudan oyananda azərbaycanları məhv etməklə bağlı düşünməsinlər. Biz sülh istəyirik. Tolerant xalqıq”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Iyul 2024