• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qardaşlığa kölgə düşməz: Bir can, iki bədən gerçəyini kimsə dəyişə bilməz - ŞƏRH

SİYASƏT

05 Iyun 2025 | 09:53

Qardaşlığa kölgə düşməz: Bir can, iki bədən gerçəyini kimsə dəyişə bilməz - ŞƏRH

Son zamanlar Türkiyədə bəzi çevrələrdə Azərbaycana yönəlik müəyyən tənqidi fikirlər yayılmaqdadır. Bu fikirlərin əsas arqumenti budur ki, guya Azərbaycanın İsraillə iqtisadi münasibətləri - xüsusilə də neft ixracı - Fələstindəki mülki ölümlərə dolayı dəstək kimi qiymətləndirilir.

Hətta bəziləri Qəzzada ölən uşaqların qanında Azərbaycanın da məsuliyyət daşıdığını iddia edir. Bu cür yanaşma yalnız qəbuledilməz deyil, həm də qardaşlıq ruhuna ziddir və fakta deyil, emosiyaya söykənir.

Azərbaycanın İsraillə münasibətləri real siyasətin bir hissəsidir. Ölkəmiz İsraillə neft ixracı da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq Azərbaycanın Fələstin xalqına qarşı mövqe tutduğu anlamına gəlmir. Xatırlatmaq yerinə düşər ki:

-İsrailə neft satan yeganə ölkə Azərbaycan deyil. Rusiya, Qazaxıstan, Nigeriya, hətta bəzi ərəb ölkələri belə, müxtəlif formalarda İsraillə ticarət əlaqələri qurur.

- İqtisadi əməkdaşlıq beynəlxalq hüquqa uyğundur və heç bir beynəlxalq təşkilat bu əlaqələri qeyri-legitim hesab etmir.

Azərbaycan Fələstin məsələsində hər zaman ədalətli mövqe tutur. Rəsmi Bakı dəfələrlə Fələstin xalqına dəstəyini bəyan edib. Bakı, Qüds məsələsində BMT qətnamələrini tanıyır və iki dövlətli həll prinsipini müdafiə edir. Biz fələstinli uşaqların ölümünə susmuruq. Hətta bəzi hallarda İsrailin hərbi addımlarına rəsmi şəkildə reaksiya da verilib.

Üstəlik qardaş ölkəyə qarşı belə yanaşmalar anlaşılmazlıq yaradır. Azərbaycan və Türkiyə bir millətin iki dövləti kimi strateji, tarixi və mədəni bağlarla birləşir. Bu münasibətə kölgə salmaq istəyən bəzi radikal qrupların istəkləri cəmiyyətlərimizin ortaq düşüncəsini əks etdirmir.

Biz inanırıq ki, Türkiyə cəmiyyətində bu cür fikirləri bölüşənlər azlıq təşkil edir və onların mövqeyi ümumxalq iradəsini əks etdirmir. Azərbaycan-Türkiyə qardaşlığı siyasi, iqtisadi və emosional dəyərlərlə yoğrulmuş tarixi bir birliyə əsaslanır. Bu birlik regional sabitlik, haqq və ədalət üçün vacib dayaqlardan biridir.

Bizim İsraillə iqtisadi əlaqələrimiz Azərbaycanın strateji qərarları çərçivəsindədir və heç bir halda Fələstin xalqına qarşı yönəlməyib. Əksinə, Azərbaycan özü də işğalın, köçkünlüyün, uşaqların öldüyü faciələrin acısını yaşamış bir xalqdır. Bizi tənqid edənlər bilməlidir ki, biz həm Fələstinə ədalət, həm də İsraillə qarşılıqlı faydalı əməkdaşlıq istəyirik. Bu ikisi ziddiyyət deyil, balansdır. Heç bir fərdi və ya qrupun fikri Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməz.

Züriyə Qarayeva

Politoloq

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

05 Iyun 2025