Son zamanlar metrostansiyalarda qatarların hərəkəti zamanı çəkilişlərinin aparılması məsələsi narazılıq yaradır. Xüsusən, İTV-nin efirində yayımlanan “Yeraltı” verlişinin çəkilişləri ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə olunur. Vaqonlarda sıxlıq, verilişə gələn qonaqların əyləşməsi səbəbindən sərnişilərin ayaq üstə dayanmağa məcbur qalmaları, kameraların ətrafdakı insanları da kadrlarda aydın göstərməsi, səs-küy və sair kimi məqamlar tənqid edilir.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə deyib ki, “Bakı Metropoliteni”ndə təkcə “Yeraltı” verlişi deyil, bütün çəkilişlərlə bağlı birinci növbədə QSC rəhbərliyinin razılığı olur.
“Çəkilişlərin nəzarət olmadan aparılması qeyri-mümkündür. “Yeraltı” verilişi xüsusi olmaqla, bu kimi çəkilişlərin xüsusi hazırlıq mərhələsi olur. İlk növbədə sərnişin axını istiqamətləri, sərnişin təhlükəsizliyi, digər texniki normativlər, sərişin məmnunluğu kimi məsələrə də xüsusi baxılır. Monitorinqlərimiz göstərir ki, “Yeraltı” daxil olmaqla bu tip çəkilişlərə münasibət əsasən müsbətdir. Çünki bu, metropolitenə müasibətdə, eyni zamanda cəmiyyətimizdə müəyyən dinamizim yaradır, müsbət ab-havanın formalaşmasına təsir göstərir. Monitorinqlərimiz zamanı “Yeraltı”nın, yaxud digər davamlı olaraq aparılan çəkilişlərimizin hansısa sadaladığımız hallara neqativ təsiri aşkarlanarsa, təbii ki, çəkilişlərin vaxtının dəyişdirilməsi kimi məsələlərə xüsusi baxılacaq. “Yeraltı” verlişinin çəkilişi gur saatdan sonra aparılır. Əsasən, sərnişin axınına maneə olmur. Prinsipial olaraq müəyyən məsələlərə baxsaq, təbii ki, dövr, zaman dəyişir, metropolitendə bir sıra qadağaların yumşaldılır, digər məsələlərlə bağlı çəkilişlərin, sosial yönümlü tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Foto, video çəkilişlərin qadağan edilməsi ilə bağlı məqamlarda cəmiyyətdə formalaşmış neqativ təsirlərin aradan qaldırılması, müəyyən yumşaldılmalar üçün zəmin yaradılması, sərnişinlərimizin ab-havaya uyğunlaşması metropolitendə bu fonda “müasir” deyə biləcəyimiz daha bir mühitin formalaşmasına gətirib çıxara bilər. Bundan daha çox insanlarımız qazanacaq, çünki metro sərnişidaşıma vasitəsi olmaqdan əlavə, həm də müəyyən mənada sosialyönümlü fikirlərə təsiri, cəmiyyətə inteqrasiya məsələlərinin həlli baxımından müsbət rol oynaya bilər”.