Qəbul planının 44 faizi iqtisadiyyat, xidmət və İT istiqamətlərinə ayrılıb. Peşə təhsili üzrə qəbul planında ən böyük pay iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərinin payına düşür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2026/2027-ci tədris ili üzrə qəbul planının 44 faizi və ya 14 min 580 yeri iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətləri üçün ayrılıb. Bu sahəni 12 faiz (3 920 yer) ilə kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı, 10 faiz (3 440 yer) ilə aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri izləyir.
Qəbul planında ilkin tələbat və qida məhsullarının texnologiyası istiqaməti üçün 2 min 680, energetika, elektroteхnika, cihazqayırma, optik texnika, radiotexnika və rabitə üzrə 2 min 320, metallurgiya, maşınqayırma və metal emalı üzrə 2 min 80, inşaat və memarlıq üzrə 1 900, sənətşünaslıq, mədəniyyət və incəsənət üzrə 1 420, kimyəvi və biokimyəvi texnologiya üzrə isə 780 plan yeri ayrılıb.
Brifinqdə bildirilib ki, qəbul planının təxminən 67 faizini təhsil müddəti 6 aylıq və 1 illik olan proqramlar təşkil edir. Üçillik proqramların payı 22 faiz, ikiillik proqramların payı 7 faiz, dördillik proqramların payı isə 4 faizdir. Bu isə qısa müddətli peşə hazırlığı proqramlarının əmək bazarının tələblərinə uyğun olaraq üstünlük təşkil etdiyini göstərir.
Zeynəb Rzayeva
Bakı 



