Paytaxt yollarında yaranan süni nəqliyyat sıxlığının səbəblərindən biri də yol-nəqliyyat qəzalarından sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Mövzunun aktuallığını son günlərdə baş vermiş yol-nəqliyyat hadisələri də təsdiqləyir.
Bəzi sürücülər maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobilləri yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişləri ilə bağlı problem yaşayacaqlarını düşünürlər. Halbuki qanunvericilik bu məsələyə aydınlıq gətirir və müəyyən şərtlər daxilində sürücülərə hadisə yerini tərk etməyə icazə verir.

Eldəniz Cəfərov, nəqliyyat eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, “Yol hərəkəti haqqında” qanunda hadisə yerini tərk etməyə görə, cərimə müəyyənləşdirilib.
Ekspertə görə, bu məsələdə qanunlar ziddiyyət təşkil edir:
“Bir tərəfdən deyilir ki, qəza zamanı avtomobil yerindən tərpədilməsin. Digər tərəfdən isə vurğulanır ki, müəyyən şərtlərə əməl etməklə avtomobili yolun kənarına çəkmək olar. Amma bu şərtlər o qədər qəlizdir ki, qəzaya düşmüş həmin anda bu şərtləri yerinə yetirə bilməz”.
Onun sözlərinə görə, əgər sürücü gözəyarı baxaraq avtomobilə o qədər də ciddi ziyan dəymədiyi qənaətinə gəlirsə, sonrakı mərhələdə qiymətləndirmədə bu zərər arta bilər:
“Bu zaman sığorta şirkəti həmin zərəri ödəməyə bilər”.

Seymur Bağırov, sığorta mütəxəssisi
Sığorta mütəxəssisi Seymur Bağırov isə Bakıvaxtı.az-a bildirib ki, belə bir hal əvvəllər mövcud idi, lakin indi qaydalar dəyişib. Onun sözlərinə görə, əvvəllər qəza baş verəndə, tələb edirdilər ki, avtomobili tərpətmə, qəza harada baş veribsə, orada dayan. Hazırda isə hadisə baş verdisə, sürücü avtomobilini uyğun bir yerdə, yəni 100, 200 metr, lap bir km qabaqda yolun kənarında saxlaya bilər:
“Bununla da heç bir tıxaca səbəb olmur. Sürücü maşını yolun kənarına çəkdikdən sonra Dövlət Yol Polisi və sığorta şirkətini məlumatlandırır. DYP əməkdaşları hadisənin necə olduğunu qeydə alırlar. Onlar “forma-4” adlanan sənəddə hadisənin harada və necə baş verdiyini, günahın kimdə olduğunu müəyyən edirlər. Hansı nəqliyyat vasitəsinə zərər dəyibsə, hamısı qeyd olunur və 30 gün müddətində sığorta şirkətinə göndərilir”.
Mütəxəssis deyib ki, sənəd sığorta şirkətinə daxil olduqdan 3 iş günü ərzində şirkət artıq zərər dəymiş nəqliyyat vasitəsinə baxış keçirib, dəymiş zərərin ilkin qiymətini çıxarır:
“Daha sonra vətəndaşa təqdim edir ki, biz sizə dəymiş zərərə uyğun olaraq, bu qədər vəsait ödəyə bilərik. Əgər vətəndaş razıdırsa, lazımi sənədləri göndərir və 7 iş günü ərzində ödəniş həyata keçirilir”.
Aydın Baxış
Bakı 



