4 ay öncə yaranan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hələ də müsabiqə elan edə bilməyib.
Məsələ ilə bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə Bakıvaxtı.az-a bildirib ki, 2021-ci il Dövlət Büdcəsində 6 milyon 316 min 97 manat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb. Bu vəsaitin də 4 milyon 395 min 97 manatı isə layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub.
“QHT Şurası 4 ay fəaliyyət göstərib və katibliyin xərcləri də onlar üçün nəzərdə tutulan formada xərclənib. Qrant müsabiqələri üçün nəzərdə tutulan vəsait isə istifadə edilməyib. QHT Şurasının ləğv olunaraq, onun bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı.
Cənab Prezident tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması haqqında fərmanda çox aydın formada Agentlik ilə bağlı hansı müddətdə hansı işlərin görülməsi aydın şəkildə göstərilib. Fərmanın imzalanmasından 4 ay keçməsinə baxmayaraq, fərmanda nəzərdə tutulan heç bir fəaliyyət həyata keçirilməyib. Halbuki bu fəaliyyətlər üçün nəzərdə tutulan müddətlər başa çatıb.
Bu fəaliyyətlər QHT -lərə Dövlət Dəstəyi Agentliyinin formalaşması prosesini və QHT-lər üçün qrant müsabiqəsinin keçirilməsin nəzərdə tuturdu. Hazır ki vəziyyət ondan ibarədir ki, faktiki QHT-lərin qrant layihələrin maliyyələşməsi üçün nəzərdə tutulan vəsait var, lakin bu müsabiqənin həyata keçirilməsi qeyri mümkündür. Çünki Agentliyin faktiki olaraq özü tam formalaşmayıb. Agentliyin keçirdiyi görüşlərdə Müşahidə Şurasının üzvləri onlar tərəfindən bütün sənədlərin hazırlanaraq Nazilər Kabinetə təqdim edildiyi bildirilir. Bizdə bundan əlavə məlumat yoxdur. Amma eyni zamanda onu da bilirik ki, QHT Agentliyin yaradılması haqqında fərmanın icrası ilə bağlı Nazirlər kabineti də sərəncam verib. Və qurumlara tapşırıqlar qoyulsa da, bu tapşırıqların icrası haqqında məlumat yoxdur”,-deyə C.Hüseynzadə bildirib.
QHT rəhbərinin sözlərinə görə, nəticə ondan ibarədir ki, vətəndaş cəmiyyəti təşkilatların maliyyələşməsində və fəaliyyətində ciddi problemlər özünün pik nöqtəsinə çatıb: “Qeyd etmək lazımdır ki, QHT-lərin fəaliyyəti təkcə layihələrinin icrası ilə məhdudlaşmır. Bu sahədə peşəkar fəaliyyət göstərən insanlar var. Həmin şəxslər ölkənin ictimai siyasi həyatında iştirak edir, ictimai fəaliyyətlə məşğuldurlar. Bu fəaliyyətləri həyata keçirmək üçün müxtəlif xərclərin qarşılanması tələb olunur. Təşkilatın ofis icarəsi, kommunal -nəqliyyat, kommunikasiya xərcləri, mühasib xidməti və s. xərcləri var. Bunları ödəmək üçün isə vəsait yoxdur.
Ən əsası isə QHT sektorunda robotlar çalışmır, insanlar çalışır. Onlar da hər biriniz kimi qidalanır, ailələri var, onların qarşısında öhdəlikləri var. Hər məmurun vəzifəsini layiqincə yerinə yetirmək öhdəliyi olduğu kimi.
Hər il QHT-lər yüzlərlə layihə ilə çıxış edirdilər. Bir ilə yaxındır ki, QHT Şurasından və QHT Agentliyindən heç bir qrant alınmasa da, bəzi QHT-lər öz imkanları çərçivəsində müəyyən layihələr həyata keçirirdilər. Və güman olunurdu ki, 2021-ci il üçün nəzərdə tutulan vəsait QHT-lər üçün açılacaq. Lakin hazırda bu vəsaitin QHT-lər yönəldilməsi ilə bağlı ciddi suallar var. Çünki bu qrantları elan edəcək qurum özü formalaşmayıb. QHT-lərin hansı addıma atmasına gəlincə hesab edirəm ilk növbədə cavabdeh qurumlar bu məsələni həll etməlidir. Çünki məsələnin həlli üçün hüquqi bir problem yoxdur. Cənab Prezidentin 19 aprel 2021-ci il tarixli fərmanı var. Bu fərmanın təcili formada yerinə yetirilməsi vacibdir. Əks halda hansı addımların atılması haqqında bir söz deyə bilmərəm. Çox güman ki, müvafiq qurumlara müraciət də ünvanlana bilər”.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev Bakıvaxtı.az-a bildirib ki, 2021-ci il üzrə dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin maliyyələşdirilməsi üçün 4 mln. 395 min manat vəsaitin ayrılması nəzərdə tutulub. “Lakin təsdiq olunmuş büdcənin icrası ilə bağlı bu günədək bu işə cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə hər hansı müraciət və ya sifariş daxil olmayıb.
Bildiririk ki, qrant layihələrin maliyyələşdirilməsi üzrə müvafiq sifarişlər cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcəkdir”,-deyə M.Piriyev bildirib.
Ramid İbrahimov
















