• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Qlobal güclərin İran "kozur"u: Siyasi komediyalar davam edir

SİYASƏT

06 May 2024 | 12:56

Qlobal güclərin İran kozuru: Siyasi komediyalar davam edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və İsrail arasında artan gərginlik daha ​​böyük müharibənin xəbərçisi ola bilər. Onun sözlərinə görə, hazırda vəziyyət sakitləşmiş kimi görünsə də, belə potensial həmişə mövcuddur.

Maraqlıdır ki, qarşıdakı dövrdə İran-İsrail müharibəsi başlaya bilərmi?

Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdəki İsrail-Həmas qarşıdurması mövcud olduqca, regionda böyük bir yanğının çıxması ehtimalı hər zaman mümkündür. Çünki hazırkı aktiv döyüşləri dayandırmaq alınmayıb.

N.Miri qeyd edib ki, bu gün İsrail artıq Rəfah bölgəsində də hücum əməliyyatları həyata keçirməyə başlayıb. Həmin bölgədə 1.4 milyona yaxın insan var və onları qısa müddətdə təxliyə etmək mümkün deyil. Onun sözlərinə görə, eyni zamanda bu əməliyyatların başlaması mülki şəxslər içərisində, xüsusilə də uşaqların itkisinə səbəb olacaq:

“İtkilərin çoxalması İranın regionda, Suriyada, Livanda, Qırmızı dəniz hövzəsində olan husi qüvvələrinin prosesdə iştirakına yol açır. İsrail isə hər zaman proksi qüvvələrinin proseslərdə iştirakını İranın müharibədə iştirakı kimi dəyərləndirib. Çünki səhnə arxasında proksi qüvvələrin silahlandırılması və maliyyələşdirilməsi məhz İran tərəfindən həyata keçirilir".

İran-İsrail qarşıdurmasının hər zaman mövcud olduğunu bildirən politoloq vurğulayıb ki, iki ölkə arasında müharibənin baş verməsi gözlənilmir. Çünki iki ölkə arasında gərginlik olduğu kimi, səhnə arxasında danışıqları da mövcuddur:

“Bu gün İrana qarşı böyük müharibənin başladılması və mövcud rejimin hakimiyyətdən devrilməsi bir çox qlobal güclərin, o cümlədən ABŞ-nin geosiyasi maraqlarına daxil deyil. Ona görə ki, İran hər zaman bu qlobal güclər üçün regionda balanslaşdırılmış güc kimi istifadə olunur. Yəni qlobal güclər tərəfindən Türkiyənin regiondakı gücünü zərərsizləşdirmək üçün İran kimi şər qüvvələr ehtiyat olaraq nəzərdə tutulub. Baxmayaraq ki, bəzən ABŞ və bəzi xristian ölkələrindən İran rejiminin əleyhinə fikirlər səsləndirilir".

Natiq Miri: İran hər zaman qlobal güclər üçün regionda balanslaşdırılmış güc kimi istifadə olunur

Müsahibimiz hesab edir ki, bu gün İsrail ətrafında ərəb ölkələri də mövcuddur. İndiki məqamda Rəfaha hücum etmək istəyən İsrail əslində Misir üçün potensial təhlükə vəd edir. Eyni zamanda bu gün ABŞ-İsrail birliyinə qarşı Rusiya-Çin-İran birliyi mövcuddur:

"Mövcud geosiyasi fonunda İran-İsrail müharibəsinin başlaması real görünmür. Bir neçə gün öncə oynanılan siyasi komediya fonunda guya İran raket və dronlarla İsrailə hücum etdi. İsrailin isə bu addıma cavab verməsi siyasi komediyanın olduğunu və prosesin səhnələşdirildiyini büruzə verdi. Ona görə də iki ölkə arasında müharibənin başlamasına səbəb olacaq qədər münasibətlər gərgin deyil".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024